BAKI, 13 mart. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar “Heydər Əliyev ideyalarında şəhərsalma, memarlıq və insan təhlükəsizliyi” mövzusunda tədbir keçirilib.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin və Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Bakı Regional Mərkəzinin şəxsi heyəti, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Dövlət Yanğın Nəzarəti Xidməti, eləcə də Azərbaycan Memarlar İttifaqının nümayəndələri iştirakı ediblər.

Tədbiri giriş sözü ilə açan Regional Mərkəzin rəisi polkovnik Elnur Məhərrəmov ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətini qeyd edərək, təsdiq olunmuş tədbirlər planının müvafiq bədlərinin icrası ilə bağlı qarşıda duran aidiyyəti məsələlərdən danışıb.

Tədbirdə çıxış edən Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Regional mərkəzlərlə işin təşkili idarəsinin rəis müavini Namiq Bağırzadə və digər natiqlər şəhərsalma və memarlıqla bağlı sağlam və dayanıqlı mühitin formalaşdırılması, tikinti qanunvericiliyi, norma və qaydaları barədə ətraflı məlumat veriblər.

Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin şəhərsalma və memarlıq sahəsindəki müstəsna xidmətlərini əks etdirən videoçarx nümayiş olunub.