BAKI, 13 mart. TELEQRAF

Azərbaycanın görkəmli bəstəkarı Üzeyir bəy Hacıbəylinin 140 illiyinə ithaf edilən yeni əsər işıq üzü görüb.

Teleqraf xəbər verir ki, tarix üzrə fəlsəfə doktoru Dilqəm Əhmədin müəllifi olduğu kitab İstanbulda çap edilib.

“Üzeyir Hacıbeyli Eserlerinin Türkiye Serüveni” adlı kitab Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondunun layihəsi əsasında hazırlanıb və görkəmli bəstəkarın əsərlərinin Türkiyədəki səhnə həyatından bəhs edir.
D.Əhməd Teleqraf.az-a bildirib ki, 1919-cu ildə Tiflis Türk Teatrının İstanbula qastrol səfəri Üzeyir bəyin əsərlərinə qardaş ölkədə böyük diqqətin yaranmasına səbəb olub, bundan sonrakı illərdə baş tutan tamaşalara təsir göstərib.

Kitabda 1919-1989-cu illər aralığındakı tamaşaların tarixi qələmə alınıb, ilk dəfə ictimaiyyətə bəlli olan materiallardan, fotoşəkillərdən istifadə olunub.

Kitabda Azərbaycan Türk Musiqi Heyətinin, Qarsda fəaliyyət göstərən sənətkarların fəaliyyəti, eləcə də “Arşın mal alan” operettasının yaratdığı ajiotaj yeni əldə edilən mənbələr əsasında təqdim edilib.
Nəşrdə Üzeyir bəyin əsərlərinin Mustafa Kamal paşanın hüzurunda təqdim edilməsi, azərbaycanlı mühacirlərə yardım kampaniyası çərçivəsində “Məşhədi İbad” kimi əsərlərin İstanbulda oynanılması kimi maraqlı tarixi hadisələrə yer verilib.

200 səhifəlik kitabda Azərbaycan və Türkiyə arxivlərindəki mənbələrdən geniş şəkildə yararlanılıb.
D. Əhməd kitabın Ankara və İstanbulda təqdimatının keçiriləcəyini də ifadə edib.