Dilçilərimizin “proqnoz” sözünü dilimizə “öncəgörmə” kimi çevirmək təklifi çox müzakirə olunur. Xeyli irad və tənqidlər də bildirilir. Bu çevirməni mən də uğursuz sayıram, amma başqa anlamda.

Teleqraf.com xəbər verir ki, bunu son günlər mətbuatın diqqətində olan dil mövzusuna münasibət bildirən tanınmış hüquqşünas Erkin Qədirli qeyd edib.

E.Qədirli hesab edir ki, ilk olaraq Azərbaycan dilçiləri düzgün yöndə düşünüblər, lakin gəldikləri nəticə doğru olmayıb:

“Yunan dilində “pro”- “ön” deməkdir. “Öncə” yox, “ön”. “Qnosis” yunan dilində bilik anlamını verir. Yəni, hərfi çevirmədə “proqnoz”un dilimizdə anlamı “önbilik” olmalıdır. Bununla belə, bu çevirmə doğru olsa da, yerində deyil, çünki “önbilik” sözü “a priori knowledge” ifadəsini ingiliscədən çevirmək üçün daha yararlıdır”.

E.Qədirli qeyd edib ki, ingilis dilində “proqnoz” anlamını verən “forecast” sözü var. “Fore” yəni “ön”. “Cast” sözünün ilkin anlamı “atış”dır. Beləliklə, ingilis dilində “forecast” sözü “önatış” anlamını verir. Konteksti nədir? Konteksti nərd oyununun İngiltərəyə gətirilməsindən sonra yarandı. Zər atışından öncə hər birimiz taxtaya baxır, bizə uyğun, ya da gərəkli olan nəticəni görməyə çalışırıq. Örnəyi, “şeşü-beş lazımdır” qənaətinə gəlirik. Bu, ağlımızda etdiyimiz önatışdır. Yəni, proqnoz qururuq. Sonra zəri atırıq. Yekunda, zərin göstərdiyi nəticəni oynamalıyıq. Zərin əlimizlə atışıyla zərin ağlımızla atışı bir-birinə uyğun gəlmir çox zaman. Başqa sahələrdə “proqnoz” adlandırılan qavram da bu konteksti bildirir.

Odur ki, ingilis dilində olduğu kimi bizim dildə də anlam bu olmalıdır – “önatış”. “Atış” sözü kiməsə qəribə görünsə, “göz atmaq” söz birləşməsini yadına salsın. “Göz atmaq” nəyə deyilir? Baxmağa. İngilis dilində də elədir – “to cast an eye”. Başqa sözlə, baxmaq. Yəni, “önatış” sözü burada olduğu kimi dilimizə yatmaya bilər, amma “atış” sözünün bu kontekstdə, az öncə göstərdiyim kimi, “baxış” sözünə yaxın olduğuna görə (göz atmaqş, baxmaq), “proqnoz” sözünü “önbaxış” kimi dilimizə rahat çevirmək olar. Önbaxış şübhəsiz ki, “öncəgörmə”dən daha uğurlu çevirmədir. Baxmaq və görmək eyni şey deyil.

İngilis dilindəki “cast” sözünü anlatmağa davam etsəm, gəlib bir də “broadcast” sözünə çıxarıq. “Broadcast” - bugünku zamanda tele-radioyayıma deyilir. Amma sözün ilkin anlamı bu olmayıb. “Cast” sözü, yuxarıda yazdığım kimi, atış, atmaq deməkdir. “Broad” sözü ingilis dilində “en” anlamını verir. Düşünün, “forecast”, “önatış”, “broadcast” bərabərdir önatış. Gözəl və aydın çevirmədir. Yəni, ikincidə biz nəyisə önünə deyil, eninə atmış oluruq. Əski zamanlarda ingilis dilində “broadcast” (“enatış”) toxum səpininə deyilirdi. Kəndli toxumu önünə deyil, eninə atırdı. Bu gün bu söz tele-radioyayımı bildirmək üçün istifadə olunur. Kontekst eynidir - reatış. Sadəcə, bu dəfə eninə atılan toxum deyil, məlumat olur.

Dili bilməkdən öncə, onu duymaq, onun içində özünü görmək gərəkdir. Ona görə də kontekst daha önəmlidir”.