BAKI, 7 iyul. TELEQRAF

"Qısa müddətdə hazırlığımızı tamamlayıb səfər oyununa üstün yollanmağı düşünürük".

Teleqraf xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstan təmsilçisi “Torpedo” ilə keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında deyib.

Rəşad Sadıqov hazırlıqlar barəsində bunları deyib:

"Qısa müddətdə hazırlaşmağımıza baxmayaraq komandamız yetərincə təcrübəlidir. Rəqib də olduqca güclüdür. Zədələr futbolun ayrılmaz hissəsidir. Sadəcə bizdə tez-tez olur. Bəzən mövsümün əvvəlində olur. Çalışırıq bunun üstəsindən gələk.

Azərbaycan kubokunun finalında məğlub olduqdan sonra, çempionatın bitməsinə iki tur qalmış Avropa Liqasına getməcəyimiz bəlli oldu. Rəhbərliklə görüşdük və belə bir plan qurduq ki, uzunmüddətli komanda formalaşdıraq, heyətdə dəyişikliklər və yeniliklər edək.

Özünüz də bilirsiniz ki, bir çox futbolçu ilə yollarımızı ayırdıq. Düşündük ki, onların əvəzinə başqa futbolçularla işləmək, həm də daha fərqli və yeni oyunçular cəlb etmək daha yaxşı və səmərəli olar.

Sonra bu məsələ dəyişdi və artıq olduğumuz nöqtədən davam etməyə məcbur olduq. Bundan sonra rəhbərliklə yenə görüşümüz oldu. Belə bir tələb qoyuldu ki, Avropa Liqasına görə qurduğumuz plan və strategiyada dəyişiklik etməyək. Tələsik transferlər, tələsik seleksiya etməkdənsə, bundan sonra komandamıza ən azı 5-6 futbolçu cəlb edək.

Ola bilər ayın sonuna doğru transferlər olsun. Düşündük ki, tələsmədən işimizə baxaq.

Doğru qeyd edirsiniz, bu period çətin keçdi. Təlim-məşq toplanışımız cəmi 6 gün oldu. Türkiyədəki hazırlıq dönəmində demək olar ki, bir ayımız tamamlanmadı. Sabahkı oyun öncəsi cəmi 6-7 gündür toplaşıb işləməyə başlamışıq.

Bununla bağlı futbolçularla danışmışam. Rəqibi də nəzərə almaq lazımdır. Onlarda çempionatın reqlamenti fərqlidir. Artıq 17 tur oynayıblar, sonra 16 günlük fasilə verilib. Avrokuboklara qədər bu fasilədə Avropa Liqasına vəsiqə qazanan dörd komanda öz aralarında yarımfinal, final və Superkubok oyunları keçirib. Bir sözlə, ideal hazırlıq dövrü keçiblər.

Futbolçularla aramızda etdiyimiz söhbətlərdə də bildirmişik ki, sabahkı oyunda bəzi keyfiyyətlərlə komandalar arasındakı hazırlıq fərqini aradan qaldırmalıyıq. Bu da təcrübə, xarakter və əzmkarlıqdır. Bunların hesabına sabah uğurlu nəticə qazanmağa çalışacağıq".