BAKI, 7 iyul. TELEQRAF
Tbilisidən Bakıya hərəkət edən qatara tələbat daha yüksəkdir. Bu da ölkə ərazisində quru sərhədlərin bağlı olması ilə əlaqədardır.
Teleqraf xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, xarici vətəndaşlar ölkəyə daxil olduqdan sonra digər nəqliyyat növlərindən də istifadə etməklə ölkəni tərk edə bilir, lakin ölkəyə daxil olmaq yalnız təyyarə və qatar yolu ilə olduğundan Tbilisi-Bakı istiqaməti üzrə daha çox tələbat var.
A.Fərəcov əlavə edib ki, mövsümlə əlaqədar biletlərdə endirimlərin tətbiq edilməsi yönündə müzakirələr aparılmır:
“Biletlər minimal qiymətlərlə satışa təqdim olunur”.
O həmçinin bildirib ki, köhnə tipli vaqonların yenilərə qoşulması ilə bağlı hər hansı bir risk və ya təhlükə yoxdur:
“Bu texniki istismar qaydalarına uyğundur və qoşulan vaqonlar həmin qatarın sürəti və funksionallığı ilə hərəkət edəcəklər”.