BAKI, 7 iyul. TELEQRAF
Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündüz reyslərinin açılması və ya bu istiqamətdə oturaq tipli qatarların istifadəsi nəzərdə tutulmur.
Teleqraf xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə hər hansı yeni layihə həyata keçirilmir.
Azər Fərəcov bildirib ki, hazırda marşrut üzrə yalnız bir qatar hərəkət edir və onun tərkibinə əlavə yataq tipli vaqonların qoşulması istiqamətində işlər görülür.
“Yeni qoşulan vaqonlar ölkədaxili marşrutlarda istifadə olunan yataq tipli vaqonlardır. Hər vaqonda 36 sərnişin yeri var. Hər bir sərnişin özü ilə 36 kiloqrama qədər yükü ödənişsiz daşıya bilər”, - o əlavə edib.