Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələr üzrə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 6-da və 7-də Lerik rayonunda növbəti vətəndaş qəbulu keçirib.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Nazir əvvəlcə Lerik rayonunda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.
Daha sonra Polis Şöbəsinin inzibati binasında Lerik, Lənkəran, Astara, Masallı və Yardımlı rayonlarından, eləcə də digər bölgələrdən qəbula gələn 348 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.
Qəbula gələn vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.
Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.
Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov Lənkəran rayonunda polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.
Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 227 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.