Quql axtarış sisteminin (Google) türkiyəli Aşıq Veysəlin ad günü münasibətilə hazırladığı özəl dudl (Google işarəsi yerinə aşığın sazla şəkli) bu məşhur xalq şairinin xatirəsinə həsr olunub.
Teleqraf.com xəbər verir ki, Aşıq Veysəlin anadan olmasının 123-cü ildönümü münasibətilə doğulduğu Sivas şəhərində də hər hansı tədbir təşkil olunmayıb.
Sadəcə Sivasın meri Davud Gülün adından bir mesaj yayınlanıb.
Sivas Aşıqlar və xalq oyunlar dərnəyinin başçısı Əhməd Ayık Aşıq Veysəlin unudulmayacağını, hər il onun ad gününü qeyd etdiklərini deyib: “Aşıq Veysəl çox böyük əsərlər qoyub gedib. Türkiyə dövlətinin Aşıq Veysəl kimi dəyərlərə sahib çıxması vacibdir. Quql da dahiyə yer verilirsə, demək, o, dünya şöhrətli bir şəxsiyyətdir”.
Xatırladaq ki, Aşıq Veysəl Şatıroğlu 1894-cü ilin oktyabr ayında Sivasın Şarkışla səmtinə bağlı Sivrialan kəndində dünyaya gəlib.
Anası Gülizar, atası isə Əhməd adlı kəndi idi. Veysəlin iki bacısı həmin vaxt ərazidə geniş yayılmış çiçək xəstəliyi səbəbindən erkən vəfat edirlər. Veysəl də yeddi yaşı olarkən həmin xəstəlikdən hər iki gözünü itirir.
Atası Veysəl gənc yaşlarda olarkən başını qatması üçün ona saz alır. İlk əvvəl başqa ozanların türkülərini ifa etməyi öyrənən Veysəl 1933-cü ildə Əhməd Qutsi Tecər ilə tanış olduqdan sonra öz türkülərini bəstələyib ifa etməyə başlayır.
Türk Aşıq Məktəbinin son ustadı olaraq qəbul edilən Aşıq Veysəl qısa zamanda məhşurlaşmağa başlayır.
1965-ci ildə aşıq dövlət tərəfindən maaş ilə təmin edilir.
Aşıq Veysəl 1973-cü ildə 78 yaşında olarkən ağciyər xərçəngindən dünyasını dəyişib.