22 oktyabr "Passage" restoranında Ziya Səfərbəyovun "Satel Telecom" şirkətinin dəstəyi ilə keçirdiyi "İstedadlar sorağında" layihəsi baş tutdu.

Layihəyə qatılan 36 iştirakçıdan hər biri səhnədə 3 dəqiqə vaxt çərçivəsində öz şeir və qısa hekayələri ilə çıxış etdi. Layihə müsabiqə xarakteri daşıyırdı və iki turdan ibarət idi.

Tədbirə 150 nəfərdən çox tamaşaçı izləyici qismində təşrif buyurmuşdu. Qonaqlar və münsiflər sırasında məşhur xeyriyyəçi Ağamusa Nağıyevin nəvəsi və 6 kitab müəllifi -Dilarə xanım Nağıyeva, məşhur jurnalist, yazıçı və "Samur" qəzetinin baş redaktoru Sədaqət xanım Kərimova, KVN-dən çox yaxşı tanıdığımız aktyor, gənclərin dostu və bir neçə kitab müəllifi Bəhram Bağırzadə, Azərbaycan, Rusiya və Fransanın birgə ərsəyə gətirdiyi "Generallardan irəli" filminin ssenari müəllifi Anar Ömərov və bir çox ədəbiyyatsevərlər tədbirdə iştirak etdilər.

İkinci tura 7 iştirakçı keçid aldı ki, onlardan üçü qalib oldu. Birinci yerin qalibi gənc iştirakçı Nigar Əzimova oldu. O, qeyri-adi çıxışı ilə hər kəsi heyran edərək, əsas mükafata "Samsung Galaxy" mobil telefonuna sahib oldu. İkinci yerin qalibi tamaşaçıların qəlbinə səmimiliyi və gözəl ifası ilə yol tapan Fizuli Vaqifoğlu oldu, istedadlı iştirakçı "Lenovo Tab" ilə mükafatlandırıldı. Üçüncü yerin sahibi isə emosional çıxışı ilə fərqlənən Rizvan Sadığov oldu və "Power Bank" qazandı.

Layihə rəhbəri Ziya Səfərbəyov bildirib ki, bu cür layihələr Azərbaycan ədəbiyyatının inkişafı üçün də çox vacibdir: "İlk dəfə Rusiya və Avropa ölkələrində belə layihələrin şahidi oldum. Elə o vaxtlardan Azərbaycanda da belə unikal bir tədbir keçirmək fikri məni tərk etmirdi. Bütün iştirakçılara və dəstək olan hər kəsə dərin təşəkkürümü bildirirəm."