“1974-cü ilin avqust ayında yenidən vəziyyətim pisləşdi. Bacım gözümdə sarılıq gördü, deyəsən, şoqərib xəstəliyim qayıdır. Bu xəstəlik aman versin, görün mən nələr yaradacağam. Fikrimdə böyük işlər var”.
Bu sətirlər xalq rəssamı Səttar Bəhlulzadənin gündəliyindəndir.
Bu fikirləri yazanda bilmirdi ki, bu dəfə xəstəlik yaşamağa aman verməyəcək. Onu özü ilə aparmayınca əl çəkməyəcək yaxasından.
43 il əvvəl oktyabrın 13-də gündüz saatlarında soyuq Moskva şəhərində dünyasını dəyişdi Səttar Bəhlulzadə. Yaşayıb-yaratmaq istəyən bir çağda dünyanı, çox sevdiyi vətənini, yaxınlarını tərk etdi... Əlində olsaydı getməzdi, sevdiyi birinin rəsmini çəkmədən bu cahanla vidalaşmazdı. Əlində olsaydı...
1909-cu ilin dekabrın 15-də Əmircanda əkinçi Bəhlul kişi ilə Hökumə xanımın ailəsində dünyada göz açıb Səttar. Qara oğlanı gözlərinin göylüyünə görə anasına bənzədirmişlər.
Uşaq idi, amma əlindən kağız, qələm əskik olmazdı. Anasının xalça toxumağına baxmağı sevərmiş, amma haradan biləydi ki, rəngli boyalar həm uşaqlığına, həm də bütün ömrünə işıq salacaq. Bəlkə ona görə qara rəngi və qara geyinməyi heç sevməzdi. Elə hey şəkil çəkərdi: yayın istisində, yağışın altında, qışın qarında. Riyaziyyatı yaxşı bilirdi, bu fəndən çətinlik çəkən qohum uşaqlarının yardımına sevə-sevə qaçardı.
Əsərlərini işləyəndə Bax, Bethovenin musiqilərinə qulaq asardı. Xeyli valları vardı. Asəf Zeynallının məşhur “Ölkəm” əsərinə qulaq asmağı və zümzümə etməyi çox sevərdi. Bir də dinləməkdən heç vaz keçmədiyi Xan Şuşinskinin səsiydi. Çox sevdiyi, təbiətinə aşiq olduğu Azərbaycanı kənd-kənd dolaşsa da qayıdıb gələcəyi bir məkan var idi – evi...
Ömrü boyu yaşayıb yaratdığı, acılı-şirinli xatirələrini bölüşdüyü o evi, hazırda muzey olan o məkanı görmək arzusu, Səttar Bəhlulzadə haqda bilmədiyimizi öyrənmək marağı ilə yolumuzu Əmircan kəndindən saldıq.

İki mərtəbəli evin həyətindən içəri girdik. Bizi bir qoca qarşıladı, salamlaşandan sonra:
- Sizi yuxarıda gözləyirlər, - dedi.
Yuxarı qalxdıq, muzeyin direktoru İradə Abdinova ilə salamlaşıb:
- Deməli, böyük Səttar Bəhlulzadənin evi bura imiş, - dedim.
- Hə, o, burda böyüyüb, boya-başa çatıb, mən də bu evə gəlin gəlmişəm. Neçə illər bu evdə yaşamışam.
- Sizin ailəyə qohum olduğunuzu bilmirdim.
- Atamla Səttar əmi əmiuşağıdı. Sonra mən Səttar Bəhlulzadənin bacısı Pərzad xanımın oğlu Rafaellə ailə qurdum. Onda artıq Səttar əmi rəhmətə getmişdi.
Soldakı otağı göstərərək:
- Bura əvvəllər mətbəx idi (Hazırda isə ev-muzeyində direktor otağıdır - N.M.). Mənə Səttar Bəhlulzadəni gəlin kimi görmək qismət olmadı. Onlar ailədə dörd uşaq olublar: Səttar, Fəttan, Bikəxanım, Pərzad.
Pərzad xanımın yoldaşı müharibədən qayıtmadı. Hətta o dönəmdə işləmək istəyirdi, Səttar icazə vermədi, dedi, nə qədər mən sağam, heç nəyə möhtac olmayacaqsan. Qazandığı pulu bacısına verər, deyərmiş, Pərzad necə istəyər, elə də xərcləyər. Ömrünün sonuna kimi bacısı Pərzadla birgə bu evdə yaşadı.
“Yubanma, evlən”
Muzeylə tanışlığa rəssamın iş otağı olan məkandan başladıq.

- Bura iş otağı olub. Vitrinlərdəki çay daşlarını özü toplayıb. Yazı stolu, radioqəbuledici hər zaman burda olub, molbert, palitra, fırçalarını isə emalatxanadan gətirmişik. Emalatxanası əvvəllər Montin bazarının yanında, sonradan İnşaatçılar prospektində yerləşən Rəssamlar Evində idi.
İkinci dəfə ona emalatxana verəndən müəyyən müddət sonra ev də verdilər. Amma Səttar Bəhlulzadə həmin evin açarlarını Tahir Salahova verdi. Dedi, mənim evim Əmircandadır, anam, bacım ordadır. Sən isə evlənirsən, götür açarları, yubanma, evlən. Beləcə, o ev Tahir Salahovun oldu. Səttar isə hər səhər bu evdən çıxıb, elektrik qatarı, yaxud 84 nömrəli avtobusla işə gedib-gələrmiş.
İradə xanım deyir ki, Səttar Bəhlulzadə fırçalarının çox olmasını sevərmiş:
- Zarafat deyil, 60 fırçası olub. Rəssamlardan kim hansı ölkəyə getsə, ondan mütləq fırça gətirməsini xahiş edərmiş. Fırçası çox olanda rahatlanarmış. İndiyə baxmayın, o vaxtlar rəsm ləvazimatları hər addımbaşı tapılmırdı.
Gülağa Məmmədovun bağışladığı patifon
Yataq otağında Səttar Bəhlulzadənin çarpayısı, dolabı, patefonu ilə yanaşı əsərlərinin reproduksiyaları da sərgilənir. İradə xanımın sözlərinə görə, patefonu ona müğənni Gülağa Məmmədov bağışlayıb. Gülağa rəssam Kamil Xanlarovla bacanaqmış, bu evə tez-tez gələrmişlər. Gülağa həyətdəki ağacın dibində oxuyarmış.

Qonaq otağında Bəhlulzadənin və anasının fotoları, əsərlərin reproduksiyaları, ev əşyaları, rəssamın şəxsi kitabları, sənət dostları tərəfindən bağışlanmış və yazılmış kitablar sərgilənir.
Stolun üzərində görüb, vərəqlədiyim albomu İradə xanımdan xəbər aldım, sözlərinə görə, bunu rəssama Arif Məlikov hədiyyə edib:
- O vaxt Səttar Bəhlulzadə Moskvada əməliyyat olunanda orda keçirilən sərgisinin açılışına gedə bilməmişdi. Arif Məlikov o sərgidən fotoları çəkib, albom formasında rəssama hədiyyə etdi.

- Səttar dostcanlı, çox danışan, maraqlı biri idi. Söhbətlərindən doymaq olmurdu. O insanları sevirdi, onlarla həmsöhbət olmaqdan xoşu gəlirdi. Əsərlərini hədiyyə etməkdən zövq alırdı. Çox vaxt qonorarlarını uşaq evlərinə verirdi, onların qəbzləri indi də qalır.
Bir dəfə sərgidən aldığı qonorarı iki gənc rəssama vermişdi. Rafael danışırdı ki, həmin sərgidə o rəssamların işlərini alan olmayıb. “Ailəlidirlər, Rafael, qoy evlərinə çörək aparsınlar”, - deyib Səttar Bəhlulzadə. Səttar rəhmətə gedəndən sonra çox adam gəlib borcunu qaytardı.
Praqa sərgisinin maraqlı tarixçəsi
Səttar Bəhlulzadə Bakı rəssamlıq texnikumunda oxuyarkən Əzim Əzimzadənin dəvəti ilə “Kommunist” qəzetində əmək fəaliyyətinə başlayıb, karikaturalar çəkib. Texnikumu bitirəndən sonra təhsil almaq üçün Moskvaya yollanıb, Surikov adına Rəssamlıq İnstitutunun “Qrafika” fakültəsinə daxil olub. Tələbəlik illərində rəngkarlıqda da uğurlu işlərinin şahidi olan məşhur rəssam Şeqal ona fakültəsini dəyişməyi və “Rəngkarlıq”a keçməyi təklif edib. Görünür bu Səttarın ürəyincə olub, çünki tərəddüd etmədən bu addımı atıb.
Yaradıcılığında rəngkarlıq əsərləri ilə daha çox sevilən, tanınan Səttar Bəhlulzadə qrafikaya olan sevgisini də heç vaxt itirməyib. Muzeydəki qrafik əsərlər bunun sübutudur. Hətta çoxları bilmir ki, rəssamın xaricdə təşkil olunan ilk sərgisi məhz qrafik əsərlərinə görə baş tutub.
İradə xanımın sözlərinə görə, Səttar Bəhlulzadə uzun illər qrafik əsərlərini üzə çıxarmayıb. Ta bir maraqlı hadisə baş verən günə kimi...
- Bir gün Çexoslavakiyadan gələn bir qrup sənətşünası Səttarın emalatxanasına aparmaq qərarına gəlirlər. Sənətşünaslar emalatxanaya gəlib, rəsmləri incələyirlər, birdən gözləri Bəhlulzadənin qrafik işlərinə sataşır. Əsərlərə heyran olan əcnəbilər rəssamın Praqada sərgisini təşkil edəcəklərini deyirlər. Beləliklə, 1966-ci ilin oktyabrda Səttar Bəhlulzadənin Praqada sərgisi baş tutur. Bəhlulzadə Avropada fərdi sərgisi keçirilən ilk azərbaycan rəssamı olur. Daha sonra onun fərdi sərgiləri Nyu York, London, İstanbul, Moskva, Bonn, Paris, Minsk, Tbilisi, Daşkənd və başqa şəhərlərdə keçirilib.

“Rəvayətlərin çoxu yalandı”
İradə xanıma ”Səttar Bəhlulzadə haqda çox rəvayətlər dolaşır. Yəqin siz də...” demişdim ki, sözümü kəsib əlavə edir:
- Çoxu yalandır. Deyirlər, guya elektrik qatarında Səttarı dilənçi zənn ediblər. Belə bir hadisə heç vaxt ola bilməzdi. Səttarı Əmircanda hamı tanıyırdı, üstəlik elektrik qatarında hər gün yol gedənlər bir-birilərini çox yaxşı tanıyırlar, hərənin də öz yeri olur.
Sonra deyirlər ki, guya Səttar atasının, bacısının bağ evində rəhmətə gedib. Doğru deyil, Səttar Moskvada dünyasını dəyişib. Ölüm kağızı da var. Son anında yanında bircə oğlu kimi böyütdüyü Rafael olub.
Deyirdilər, guya rəsmlərinin qədrini bilmirmiş. Əslində o, işinin qədrini çox yaxşı bilirdi. Ən çox sevdiyi əsər anasına həsr etdiyi “Mənim anam” rəsmi idi. Neçə il onu dövlətə təhvil vermədi.
Onun haqqında danışılanların əksəriyyətinin yalan olduğunu gündəlikləri də sübut edir. O, tələbəlik illərindən başlayaraq fasilələrlə ömrünün sonuna kimi gündəlik yazıb. Gündəliklərinin bir hissəsi Moskvada qaldığı yataqxanada baş verən yanğında külə dönüb. Sonra yadında qalanları “Yadımda qalanlar” silsiləsi ilə yenidən qələmə alıb. Ona görə də Səttar Bəhlulzadənin gündəlikləri onun həyat və yaradıcılığının ayrılmaz hissəsidir. Gündəliklərin əksəriyyətini Azərbaycan dilində ərəb əlifbası ilə, bir qismini də kirildə yazıb. 70-ci illərə aid gündəliklər çoxluq təşkil edir. Orda rəssam sənət haqqında düşüncələrini, bəzi əsərlərində istifadə etdiyi elementlərin şərhini, çəkməyi nəzərdə tutduğu neçə-neçə obrazın təsvirini, bəzi əsərlərinin təhlilini yazıb. Əsərləri yaradarkən keçirdiyi hissləri, həyəcanı elə gözəl təsvir edib ki...Gündəlikləri çox rənglidir. Gəlin, bura...
İradə xanım bizi muzeyin zal adlanan hissəsinə apardı. Vitrində sərgilənən rəssamın gündəliklərindən parçaları bizə göstərdi:

“Soldakı Səttarın gündəliyindən bir səhifədir. Rafaelin şəklini çəkib. O, tuş, karandaş, rəngli qələm, flamasterdən istifadə edərək gündəliklərində müxtəlif mövzuda rəsmlər çəkirdi.
Başına gələn hadisələri xırdalıqlarına qədər yazmağı sevərdi. Moskvada oxuduğu illərdə ona dərs demiş müəllimləri haqda xatirələrlə yanaşı, onların ən incə detallarına qədər təsvirini də qeyd edib.
Səttar Bəhlulzadə gündəliklərində narazı qaldığı məqamları, o dövrün sənətşünaslarının bəzi rəssamları həddindən artıq təriflədiklərini, ümumən o dövrün rəssamlığı və rəssamları ilə bağlı fikirlərini qeyd edirdi. O sovet dönəmində dövlət mükafatından imtina edən ilk rəssam idi. İki ilə yaxın əsərlərini sərgiyə verməkdən imtina edib.
Bəzi gəncləri çox az işləməkdə qınayırdı. Deyirdi, rəssam oldunsa, gərək çox işləyəsən. Əlbəttə ki, gündəliklərdə ona qarşı olan haqsızlıqlar da yazılıb, adlar hallanıb. İradə xanım deyir, bu adları açıqlamaq qeyri-etikdir:
- Əlbəttə, paxıllığını həmişə çəkən, ona maneələr yaradanlar olub. Bəlkə nə vaxtsa o gündəliklərin hamısını kitab halında çap edərik. Qızım Pərzad sənətşünasdır. O, həmin gündəlikləri hissə-hissə latına köçürür.
“Qızımı sənə tapşırıram”
“Səttar Bəhlulzadənin rəssam Maral Rəhmanzadəni sevdiyi deyilir. Bu barədə gündəliklərində nəsə yazıbmı?” soruşuram İradə xanımdan.
Deyir, Maral xanımla Səttar Bakıda Rəssamlıq Məktəbində bir yerdə oxuyublar:
- Moskvaya da bir yerdə getdilər. Çünki Səttarla bərabər, Maral xanımın da işləri Surikov adına Rəssamlıq Məktəbində qəbul olundu. Maralın atası Səttara demişdi ki, qızımı sənə tapşırıram, ondan muğayət ol. Maral xanım Moskvada ailə qurdu, bu evlilik uzun çəkmədi. Hələ ki, gündəliklərdə bu barədə yazıya rast gəlməmişik. Səttar işinə aşiq yaradıcı adam idi. O yazırdı ki, bu sənət bütünlüklə özünə aludəçiliyi sevir.
“Səttar, səni sevirəm, səni gözləyirəm”
Güman ki, mərhəm sandığı, hətta oxunması çətin olan ərəb hərfləri ilə yazdığı gündəliklərdə yaradıcı sevgisini izhar etdiyi kimi xoşuna gələn, sevdiyi qadınlara olan hisslərini də yazıb. Bəlkə qalaq-qalaq məktublar da var. Amma hiss edirdim ki, İradə xanım bu haqda çox danışmaq istəmir və sadəcə bunları deməklə kifayətləndi: “Çox sevgi məktubları var. Moskvadan gələn bir məktubda qadın yazır ki, Səttar, səni sevirəm, səni gözləyirəm. Bilirəm ki, sən də məni sevirsən. Gündəliklərində o məktublardan, etüd çəkməyə gedəndə tanış olduğu qızlardan yazıb”.
Zalda yerləşən vitrinlərdə əlamətdar hadisələrlə əlaqədar olaraq rəssama ünvanlanmış təbrik məktubları, teleqramlar, dəvətnamələr, şəxsi sənədlər də yer alır.
- Bağ divarlarına rəsmlər çəkməkdən xoşu gələrmiş. Nağıl qəhrəmanlarından heykəlciklər hazırlamağı sevərmiş. Təbiət aşiqi idi, Azərbaycanı qarış-qarış gəzmişdi. Hara getdiyini həmişə evdəkilərə bildirirdi. Xəbərsiz bir gecə evə gəlməsəydi, aləm bir- birinə qarışırdı.
Əsərlərinin çoxunu hədiyyə edərmiş, Moskvadan bir məktub gəlmişdi, bir xanım yazırdı ki, Səttar xəstə yatanda orada tibb bacısı işləyib. Hətta yadigar olaraq ona balaca qrafik işlər də bağışlayıb. Belə bağışlanmış əsərlərin sayı-hesabı yoxdur. Çox sevdiyi atasının rəsmini çəkmək istəyirdi. Amma ömrü vəfa etmədi.
Bu dəfə cənazəsi qayıtdı
Zaldan sonra kiçik otaq gəlir. Burada “Corat qovunları” əsərinin reproduksiyası nümayiş olunur. Vitrində rəssamın fırçaları, boyaları, Bəhlulzadə haqqında müxtəlif illərin mətbuat səhifələrində, eyni zamanda elmi nəşrlərdə dərc olunmuş yazılar yer alıb.
İradə xanım deyir, əslində ekspozisiya dəhlizdən başlayır. Amma biz söhbətimizi dəhlizdə yekunlaşdırırıq:
- Səttar Bəhlulzadənin bu evdən son çıxışı 1974-cü ilin sentyabr ayına təsadüf edir. Onu oğlu ilə Moskvaya yola salan Pərzad xanım ardınca su atıb, tez qayıt, Səttar, deyib. Səttar gülümsəyərək: “Onsuz da bu dəfə tez qayıdacağam” cavabını verib”. Çox tez qayıdır, amma bu dəfə özü yox, cənazəsi...
Səttar xərçəngdən əziyyət çəkirdi. İlk dəfə 1973-cü ildə aşkarlandı bu xəstəlik. Əməliyyat olundu, özünü çox yaxşı hiss etməyə başladı. Hətta gündəliklərində yazırdı ki, ömrümün gözəl çağlarını yaşayıram, gözəl əsərlər yaratmaq istəyirəm.
Sənətşünas Ziyadxan Əliyev Səttar Bəhlulzadəyə həsr etdiyi kitabında qeyd edir ki, Sabunçu xəstəxanasında rəssamı müalicə edən həkimə göstəriş verib onu Bakıda ləngitməyi, Moskvaya getməyə qoymamağı tapşıranlar bununla da onun məhvinə xidmət etdiklərindən bəlkə də xəbərsiz idilər: “Çünki çox az sonra Moskvada bilinəcəkdi ki, o, yoluxucu yox, sağalmaz xəstəliyə düçar olub. Həkim Mehdi Quliyev isə o vaxt üçün inanılmaz bir addım atıb ona verilən “göstərişin” sirrini rəssama və onun ən yaxın dostlarına açır və təcili olaraq onun Moskvaya aparılmasını məsləhət görür. Dostları, ailəsi onu qatarla Moskvaya çatdırırlar. O, həm uğurla keçən öz fərdi sərgisinə baxır, həm dostları ilə “Praqa” restoranında bu əlamətdar hadisəni qeyd edir, sonra da professor Çernousovun cərrah bıçağı altına “düşməyə” imkan tapır. Oktyabrın ortalarında Bakıya qayıdanda və bu geri dönüş qurban kəsilməklə qeyd ediləndə rəssam yenə də yaratmaq həvəsli idisə də, onun sağalmaz xəstəliyə düçar olduğundan xəbərdar olan yaxınlarının ürəyi qan ağlayırdı. Heç kəs gözəllik aşiqindən birdəfəlik ayrılacağına inanmaq istəmirdi.
İkinci dəfə Moskvaya gedəndə həkim yenidən əməliyyatın lazım olmadığını deyib və əlavə edib: “Bu, daha sondur...”

Foto: Elçin Murad