BAKI, 20 may. TELEQRAF
"Ekoloji sistemlər siyasi sərhədlər tanımır. Çirklənmə çaylar, dənizlər, ticarət yolları və tədarük zəncirləri vasitəsilə hərəkət edir. Buna görə də regional əməkdaşlıq sadəcə bir seçim deyil. Bu, mütləq bir zərurətdir".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Arpadarai WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Plastik çirklənməsi ilə mübarizə: Yaşamaq üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" adlı tədbirdə deyib.
O, qeyd edib ki, COP29-da Azərbaycan praktiki iqlim fəaliyyətinin, inklüziv tərəfdaşlıqların və dayanıqlı inkişafın vacibliyini güclü şəkildə vurğulayıb:
"Şəhərlər dayanıqlı tullantıların idarə edilməsi sistemlərinə investisiya qoyaraq innovasiya laboratoriyalarına çevrilməlidir. Onlar yaşıl dövlət satınalmalarını təşviq etməli, həll yolları hazırlamaqda biznesləri dəstəkləməlidirlər.
Biz birdəfəlik plastiklərdən istifadə edirik, lakin təkcə infrastruktur kifayət deyil. Bizə həmçinin təhsil, maarifləndirmə və icma məsuliyyəti lazımdır. Bu səbəbdən təhsil sistemini həqiqətən təkmilləşdirməliyik. Bu mövzu müzakirə olunmalı və bəlkə də gənclərimiz arasında geniş şəkildə yayılmalıdır".