BAKI, 20 may. TELEQRAF

Bu gün şəhərlər bu müzakirələrin mərkəzində dayanır. Urbanizasiya ideyaları qlobal tullantıların böyük hissəsini formalaşdırır, dünyanın resurslarının əksəriyyətini istehlak edir və eyni zamanda iqlim təsirlərinin ön cəbhəsində yer alır.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Arpadarai WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Plastik çirklənməsi ilə mübarizə: Yaşamaq üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" adlı tədbirdə deyib.

O bildirib ki, əgər biz dayanıqlı, davamlı və yaşamağa şəhərlər istəyiriksə, malik olduğumuz bu "götür, istifadə et və at" psixologiyasını davam etdirə bilmərik:

"Biz materialların təkrar istifadə edildiyi, təkrar emal olunduğu, yenidən dizayn edildiyi və mümkün qədər uzun müddət dövriyyədə saxlanıldığı bir iqtisadiyyata doğru hərəkət etməliyik.

Plastik çirklənmə bu keçidin niyə təxirəsalınmaz olduğunu aydın şəkildə nümayiş etdirir. Xəzər dənizinə tökülən çaylardan tutmuş Avrasiya, Yaxın Şərq və Qlobal Cənubda sürətlə urbanizasiyalaşan bölgələrə qədər biz idarə olunmayan plastik tullantıların ekosistemlərə necə zərər vurduğunu, biomüxtəlifliyi təhdid etdiyini, turizmə mənfi təsir göstərdiyini, qida sistemlərini zədələdiyini və insan sağlamlığı üçün necə ciddi risklər yaratdığını görürük".