BAKI, 20 may. TELEQRAF
"Plastiklə bağlı hər il 400 milyon ton tullantının yaranması artıq bir faktdır və gözlənilir ki, bu rəqəm 2030-cu ilə qədər üç dəfə artsın".
Teleqraf xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Plastik çirklənməsi ilə mübarizə: Yaşamaq üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" adlı tədbirdə deyib.
O bildirib ki, təkcə bu rəqəm özü çox qorxuludur: "Bütün plastik tullantıların təxminən 40 faizi birbaşa qablaşdırma materiallarından ibarətdir. İndiyədək isə plastikin yalnız çox cüzi bir hissəsi təkrar emal olunub. 90 faizdən çoxu ümumiyyətlə təkrar emal edilmir. Təxminən 80 faizi torpaq sahələrinə və su hövzələrinə düşür, 10 faizə yaxını isə yandırılır. Bu isə xüsusilə su ehtiyatları və kənd təsərrüfatı baxımından ətraf mühit üçün son dərəcə baha başa gələn bir problemdir".