Plastik çirklənmə qlobal bir çağırışdır. Plastika müasir həyatın demək olar ki, bütün sahələrinə daxil olub.

Teleqraf xəbər verir ki, bunu Yeni Plastik Müqaviləsi üzrə Hökumətlərarası Danışıqlar Komitəsinin sədri Səfir Julio Cordano WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Plastik çirklənməsi ilə mübarizə: Yaşamaq üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" adlı tədbirdə video müraciətdə deyib.

Onun sözlərinə görə, biz bu problemi ortaq təşəbbüslərlə birlikdə həll etməsək, 2060-cı ilə qədər plastik çirklənmə demək olar ki, üç dəfə artacaq:

"Bu isə dəyişiklik üçün həlledici məqamdır. Dayanıqsız istehlak və tullantıların artması ətraf mühitə təsirləri ilə getdikcə daha görünən olur. Bunun nəticələrindən biri də şəhər mühitlərində müşahidə edilir. Eyni zamanda burada dairəvi iqtisadiyyat həllərini tətbiq etmək üçün mühüm imkanlar mövcuddur.

Plastik istehlakı xüsusilə şəhərlərdə yüksək səviyyədə cəmlənib. Hökumətlərin, sənayenin və ictimaiyyətin birgə fəaliyyəti istehlakçıların maarifləndirilməsini, tullantıların daha səmərəli idarə olunmasını və resurslardan düzgün istifadəni inkişaf etdirə bilər".