BAKI, 20 may. TELEQRAF
Hər gün 2 milyondan çox məişət tullantısı ilə dolu yük maşınları okeana zibil atırlar.
Teleqraf xəbər verir ki, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Regional Səviyyədə İqlim Fəaliyyəti Şöbəsinin rəhbəri Şaron Gil WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Plastik çirklənməsi ilə mübarizə: Yaşamaq üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" adlı tədbirdə deyib.
O bildirib ki, bunların çox hissəsini plastik tullantıların təşkil edir: "Həmin tullantılar okeanlara, dənizlərin çirklənməsinə səbəb olur. Bu məsələnin həlli üçün müxtəlif platformalarda fərqli qurumlar bir araya gəlir. Biz ölkələrə bu istiqamətdə milli planlar hazırlamağa kömək edirik. Həmin planlar xüsusilə dənizkənarı ölkələr üçün çox vacibdir".
O əlavə edib ki, plastik tullantıların fəsadlarını 2040-cı ilə kimi azaltmağı hədəfləyirik: "Bütün mövcud imkanları səfərbər edib buna nail olmaq istəyirik. Bu istiqamətdə 65 milyon dollar civarında investisiya yatırılacaq. Bu məbləğ ziyanların qarşısını almaq üçün xərclədiyimiz məbləğdən daha azdır. Problemləri aradan qaldırmaq üçün daha çox məbləğ lazım gəlsə də, qarşısı alındıqdan sonra ciddi şəkildə büdcəyə qənaət etmiş olacağıq".