BAKI, 13 oktyabr. TELEQRAF

“Uzun müddətdir ki, Türkiyənin bir sıra media orqanlarında və sosial media platformalarında Azərbaycanla bağlı həqiqətə uyğun olmayan, qarayaxma xarakterli məlumatların yayıldığı müşahidə edilir. Son dövrlərdə bu prosesin daha sistemli və aqressiv xarakter alması, xüsusilə də Türkiyə Prezidentinin baş müşaviri statusunu daşıyan Oktay Saralın bu prosesə qoşulması təəssüf doğurur”.

Bu fikirləri Teleqraf-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.

O bildirib ki, Türkiyənin sosial şəbəkə hesablarında hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi deputatlarının, Prezidentin baş müşaviri Oktay Saralın və digər şəxslərin Azərbaycanı hədəf alan açıqlamalarla çıxış etməsi yolverilməzdir.

“Azərbaycan-Türkiyə münasibətləri Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü “Bir millət, iki dövlət” prinsipi əsasında formalaşıb və bu gün strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Bu münasibətlər qarşılıqlı hörmətə, etimada, bərabərliyə və hər iki dövlətin milli maraqlarına əsaslanır. Buna görə də Azərbaycana qarşı yönələn, xüsusilə də ölkəmizin daxili siyasətini hədəf alan bu cür açıqlamalar qəbuledilməzdir.

Azərbaycan müstəqil və suveren dövlətdir, öz siyasətini Konstitusiyasına, milli maraqlarına və dövlətçilik prinsiplərinə uyğun şəkildə həyata keçirir.

Deputat vurğulayıb ki, Azərbaycanda vahid məktəbli formasının tətbiqini özlərinə fürsət bilərək ölkəmizə qarşı kampaniya aparanlar, eləcə də Azərbaycana nə etməli olduğunu diktə etməyə çalışanlar bir məqamı unutmasınlar: "Azərbaycan heç bir ölkənin əyaləti deyil. Biz müstəqil və suveren dövlətik, öz siyasətimizi Konstitusiyaya, milli maraqlara və dövlətçilik prinsiplərinə uyğun şəkildə həyata keçiririk.

Azərbaycan Respublikasının Konstitusiyasında ölkəmizin dünyəvi dövlət olduğu, dinin dövlətdən ayrı olduğu və təhsil sisteminin dünyəvi xarakter daşıdığı açıq şəkildə təsbit edilib. Biz öz siyasətimizi kimlərinsə göstərişləri və ya təzyiqləri əsasında deyil, milli maraqlarımızı rəhbər tutaraq müəyyənləşdiririk.

Azərbaycan və Türkiyə arasındakı münasibətlər iki müstəqil dövlətin strateji müttəfiqliyinə, qarşılıqlı hörmətə və bərabərhüquqlu tərəfdaşlığa əsaslanır. Bu münasibətlərdə kiçik və ya böyük qardaş anlayışından deyil, bərabərhüquqlu tərəfdaşlıq prinsipindən çıxış edilməlidir. Azərbaycan öz müstəqilliyinə, suverenliyinə və inkişafına öz xalqının iradəsi, əməyi və mübarizəsi hesabına nail olub. Müstəqilliyimiz və suverenliyimiz bizə heç kim tərəfindən bəxş edilməyib.

Azərbaycan-Türkiyə münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsini yüksək qiymətləndiririk. İndiyədək həyata keçirilən böyük iqtisadi, enerji, nəqliyyat və digər layihələr hər iki dövlətin və xalqın maraqlarına xidmət edib. Bu əməkdaşlıq birtərəfli güzəştlər üzərində deyil, qarşılıqlı fayda, ortaq maraqlar və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında qurulub. Eyni zamanda, Azərbaycan və Türkiyə beynəlxalq platformalarda dostluq və qardaşlıq münasibətlərindən irəli gələn həmrəylik nümayiş etdirərək bir çox məsələlərdə ortaq mövqedən çıxış edirlər”.

Azər Badamov Türkiyənin bəzi rəsmilərinin və hakimiyyətə yaxın media resurslarının Azərbaycanı, ölkə Prezidentini və digər rəsmi şəxsləri hədəf alan açıqlamalarını qəbuledilməz olduğunu qeyd edir:

“Belə yanaşmalar Azərbaycan cəmiyyətində ciddi narazılıq doğurur və iki ölkə arasında formalaşmış qarşılıqlı etimada xələl gətirmək riski yaradır.

Azərbaycanda vahid məktəbli formasının tətbiqini tənqid edənlər nəzərə almalıdırlar ki, bu yanaşma məktəblərdə sosial bərabərliyin, vahidliyin və bütün şagirdlər üçün bərabər imkanların təmin edilməsinə xidmət edir. Məktəbli geyimi şagirdlər arasında sosial fərqlərin qabardılmasının qarşısını almaqla onların təhsil mühitində bərabərliyini təşviq edir. Bu məsələ Azərbaycanın daxili siyasətinə aiddir və onun müzakirəsi ölkəmizin hüquqi və ictimai reallıqları nəzərə alınmaqla aparılmalıdır.
Türkiyənin özü də müxtəlif dövrlərdə radikal dini cərəyanlara qarşı mübarizə aparıb. Azərbaycan isə hər zaman Türkiyənin təhlükəsizliyinə və sabitliyinə verdiyi əhəmiyyəti nümayiş etdirib, çətin məqamlarda qardaş ölkənin yanında olduğunu əməli addımları ilə təsdiqləyib. Bu baxımdan, bu gün Türkiyənin ayrı-ayrı siyasi və ictimai dairələrindən səslənən çağırışlar Azərbaycan cəmiyyətində gərginliyi artırmağa deyil, qarşılıqlı anlaşmanın, sabitliyin və dostluğun qorunmasına xidmət etməlidir”.

Parlament üzvü hesab edir ki, Azərbaycan-Türkiyə münasibətləri böyük tarixi və siyasi əhəmiyyət daşıyır:

“Ayrı-ayrı şəxslərin açıqlamaları münasibətlərimizə xələl gətirə bilməz. Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmləndirilməsi hər iki tərəfin məsuliyyətli mövqeyindən, qarşılıqlı hörmətindən və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipinə sadiqliyindən asılıdır.

Türkiyə dövlətinin bu proseslərə münasibət bildirəcəyinə və iki ölkə arasındakı strateji müttəfiqliyə xələl gətirə biləcək addımların qarşısının alınmasına üstünlük verəcəyinə ümid edirəm. Bu münasibətlərin qorunması və gələcək nəsillərə sağlam təməllər üzərində ötürülməsi hər iki dövlətin və xalqın ortaq məsuliyyətidir”.