BAKI, 1 sentyabr. TELEQRAF

İran təxminən yeddi həftədir ilk dəfə Hörmüz boğazından ciddi həcmdə xam neft ixrac edə bilməyib.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

ABŞ-nin dəniz blokadası İranın əsas gəlir mənbələrindən birini ciddi şəkildə məhdudlaşdırıb.

“Kpler”, “Vortexa” və “TankerTrackers”ın məlumatlarına əsasən, blokadanın yenidən tətbiq edildiyi iyulun 14-dən bəri İran Hörmüz boğazı vasitəsilə yeganə əsas alıcısı Çinə neft çatdıra bilməyib.

“Kpler” və “Vortexa”nın hesablamalarına görə, İran avqustda gündəlik təxminən 220-255 min barel xam neft və kondensat yükləyib. Mart ayında bu göstərici gündə təxminən 2 milyon barel təşkil edib.

“TankerTrackers”in həmtəsisçisi Samir Madani qeyd edib ki, hazırda Hörmüz boğazında İranın 36 milyon 110 min barel neft yüklənmiş 29 tankeri var.