BAKI, 31 avqust. TELEQRAF
BƏƏ prezidentinin müşaviri Ənvər Qarqaş İranın Körfəz ölkələrini və İordaniyanı hədəfə alan siyasətini “uğursuz” adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.
“Hazırkı vəziyyətdə real və davamlı siyasi həll yollarına, eləcə də İslamabad razılaşmasından daha geniş anlaşmaya ehtiyac var. Nə müharibə, nə də sülh vəziyyəti davamlı həll yolu ola bilər. (İranın) Körfəz ölkələrini və İordaniyanı hədəfə alan siyasəti iflasa uğrayıb.
Hazırda zəruri olan böhranın həm siyasi, həm də iqtisadi aspektlərini nəzərə alan real və davamlı siyasi həll yollarıdır. Bu həllər gərginliyin aradan qaldırılması və Hörmüz boğazında hərəkətin normal vəziyyətə qaytarılması ilə başlamalı, daha sonra praktiki və qəbulolunan yol xəritəsi hazırlaya bilməyən anlaşmadan kənara çıxaraq daha real yanaşmaya keçməlidir”, - Qarqaş vurğulayıb.
Xatırladaq ki, ABŞ ordusu bundan əvvəl İranın cənubundakı Larak adasında iki raket qurğusuna zərbə endirib. İran buna cavab olaraq, İordaniyadakı ABŞ bazalarına zərbələr endirib.