BAKI, 10 iyun. TELEQRAF
“Livan suveren dövlətdir və öz maraqlarını güdən İranın himayəsinə ehtiyac duymur”.
Teleqraf xəbər verir ki, bunu Livan Prezidenti Cozef Aun iyunun 7-də Beyruta hava hücumundan sonra İranın İsrailə raket hücumunu şərh edərkən bildirib.
“Dost Körfəz dövlətlərinin dəstəyini alqışlayırıq, amma İranın Livan xalqının maraqlarına xidmət etməyən məqsədlərə çatmaq üçün münaqişəyə müdaxiləsi bizim üçün qəbuledilməzdir. Müharibənin davam etdirilməsi heç bir fayda gətirməyəcək, çünki biz İsraillə danışıqları seçmişik”, - dövlət başçısı vurğulayıb.
Aunun sözlərinə görə, bir çox ölkələrin inkişafına töhfə verən livanlılar İranın himayəsi olmadan müstəqil şəkildə öz dövlətlərini bərpa edə və gücləndirə bilirlər.
Prezident vurğulayıb ki, ABŞ-də İsraillə aparılan danışıqların məqsədi Livanın tam suverenliyini bərpa etməkdir, bu ölkənin xalqı artıq heç kimin himayəsi və nəzarəti altında olmamalıdır. O əlavə edib ki, danışıqlar hökumətinin rolunu gücləndirməyə və Livanın milli suverenliyini möhkəmləndirməyə yönəlib.
Livan Prezidenti həmçinin qeyd edib ki, müzakirələrin nəticəsi ölkədə qərar qəbuletmə müstəqilliyinin gücləndirilməsinə gətirib çıxarmalıdır.