BAKI, 31 mart. TELEQRAF

“ABŞ Prezidenti Donald Tramp İrana qarşı müharibənin 4-5 həftə çəkəcəyini söyləmişdi. Artıq müharibənin 4 həftəsi geridə qalıb. Bu hesabla müharibə aprelin ortalarına qədər bitməlidir. Tramp bu müddətdə bir neçə dəfə öldürülən Ali rəhbər Əli Xamenei və ətrafını nəzərdə tutaraq “İranda rejim dəyişməsinə nail olmuşuq” deyib. Halbuki ali rəhbər və xeyli general öldürülsə də, rejim dəyişməyib. İranı idarə edənlərin isə Vaşinqtonla danışıqlara hələ marağı yoxdur”.

Teleqraf xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Ekspert bildirib ki, artıq müharibənin dayandırılması üçün vasitəçi axtarışına başlanılıb:

“Ən çox Pakistanın adı çəkilir. Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə və Misir xarici işlər nazirlərinin bir neçə gün əvvəl baş tutmuş İslamabad görüşü də bundan xəbər verir. Pakistan xarici işlər naziri İshaq Darın sözlərinə görə, ABŞ və İran İslamabadın vasitəçiliyinə müsbət yanaşırlar. Amma nə Vaşinqton, nə də Tehran İslamabadın potensial vasitəçi kimi rolunu təsdiqləyib. Bununla belə, mümkündür ki, Vaşinqton müharibəni dayandırmaq üçün yazılı təkliflərini Tehrana İslamabadın vasitəçiliyi ilə göndərib. Tehran da həmin təklifləri rədd edib.

Pakistan Səudiyyə Ərəbistanının hərbi-siyasi müttəfiqidir. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistan Baş naziri Şahbaz Şərif 2015-ci ilin sentyabrında “Birgə Strateji Müdafiə Sazişi” imzalayıb. Bu saziş iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı genişləndirmək və istənilən hücuma qarşı birgə mübarizəni gücləndirmək məqsədi daşıyır. Sazişə görə, tərəflərdən birinə qarşı istənilən hücum hər iki ölkəyə qarşı hücum kimi qiymətləndiriləcək. Bu o deməkdir ki, İran Səudiyyə Ərəbistanı ərazisinə raket atırsa, İslamabad bunu birmənalı şəkildə pisləyərək Ər-Riyadın yanında yer almalıdır.

Səudiyyə Ərəbistanının ABŞ-nin İrana qarşı hərbi əməliyyatına dəstək verəcəyi barədə xəbər də yayılıb. Bu baş verərsə, İslamabad Səudiyyə Ərəbistanını dəstəkləmək məcburiyyətində qalacaq. Bu səbəbdən İran İslamabadın vasitəçilik təşəbbüslərinə müsbət cavab verməyə tələsmir”.

Elxan Şahinoğlunun fikrincə, Yaxın Şərqdə gərginliyin azalması Pakistanın həyati maraqlarına cavab verir:

“Çin-Pakistan İqtisadi Dəhlizinin (CPEC) tam gücüylə işləməsi və gəlir gətirməsi üçün bölgədə sabitliyin bərqərarı vacibdir. Bu, Çin üçün də əhəmiyyətlidir.

İrana qarşı müharibə və Yaxın Şərqdə artan gərginlik Çinin neft resurslarına çıxış imkanlarını məhdudlaşdırıb. Pakistanla Əfqanıstan arasındakı gərginlik də Çini ciddi narahat edir. Çünki Çin Pakistanla strateji tərəfdaş olmaqla yanaşı, Əfqanıstanın nadir torpaq elementlərinin işlədilməsi məqsədilə bu ölkəyə yatırımlarını artırıb. İki ölkə arasında toqquşmalar baş verdikdə, Pekin bölgənin resurslarından istifadə edə bilmir”.