BAKI, 10 mart. TELEQRAF
“Qonşuluq və qardaşlıq əlaqələrinə zərər verəcək və bölgədəki xalqlar arasında etimadsızlıq divarları yaradacaq səhv hesablamalarda yer almayacağımızı və belə hesablamalara laqeyd qalmayacağımızı açıq şəkildə bildirmək istəyirəm”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə parlamentinin sədri Numan Kurtulmuş İranda baş verənlər haqda danışarkən deyib.
“Biz dostluğun dəyərini bilən, amma milli təhlükəsizlik və suverenlik hüquqlarını da eyni qətiyyətlə qoruyan mövqeni müdafiə edirik.
Baş verən hadisələri müvəqqəti böhran kimi qiymətləndirmək olmaz. Ən ağır bədəli mülki əhali ödəyir. Beynəlxalq sistem ciddi parçalanma içindədir. Enerji təhlükəsizliyindən ticarət yolları və qaçqın axınlarına qədər bir çox sahədə yeni sarsıntıların baş verməsi qaçılmazdır. Alov böyüdükcə, onu uzaqdan izləyənləri də öz içinə çəkir. Hücumların dərhal dayandırılması bu gün hər kəs üçün zəruridir. Türkiyənin həyata keçirdiyi diplomatik təşəbbüsləri də bu çərçivədə qiymətləndirmək lazımdır”, - spiker bildirib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İranda hərbi əməliyyata başlayandan Türkiyə iki dəfə qonşu ölkədən ballistik raket hücumuna məruz qalıb. Rəsmi Ankara baş verənlər barədə iki dəfə Tehrana xəbərdarlıq edib.