BAKI, 24 fevral. TELEQRAF

İran Çinlə gəmi əleyhinə səsdən sürətli qanadlı raketlərin alınmasına dair sazişi yekunlaşdırmağa yaxındır.

Teleqraf xəbər verir ki, bu barədə altı məlumatlı mənbəyə istinadla “Reuters” bildirib.

Qeyd edilib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaxın Şərqdə genişmiqyaslı yerləşdirilməsi və İrana mümkün hücum ehtimalı fonunda Tehran və Pekin sözügedən saziş üzrə irəliləyir.

“Reuters”in mənbələrinə görə, İran bu çərçivədə Çindən CM-302 tipli raketlər almağa yaxındır.

“The Economist” də yazıb ki, ABŞ Prezidenti Donald Tramp son həftələrdə Yaxın Şərqdə hərbi qüvvələrin misli görünməmiş şəkildə artırılması ilə İrana təzyiqi gücləndirib. ABŞ-nin həftəsonunadək bölgədə yerləşdirəcəyi hərbi qüvvənin miqyası 2003-cü ildə İraq müharibəsi öncəsi hazırlıqlardan bəri görünməmiş səviyyədə olacaq.