BAKI, 20 fevral. TELEQRAF

“Hizbullah” Hərəkatı ilə Livan liderləri arasında intensiv siyasi-təhlükəsizlik müzakirələri aparılır. Məqsəd ABŞ-nin İrana mümkün hücumu halında “Hizbullah” tərəfindən Tehrana hərbi dəstəyin göstərilməsi cəhdlərinin qarşısını almaqdır.

Teleqraf xəbər verir ki, bu barədə rəsmilər “Al Watan” qəzetinə bildiriblər.

Mənbələrin sözlərinə görə, Livanı taleyüklü həftələr gözləyir.

Qeyd edilib ki, baş nazir, prezident və parlament sədrinin “Hizbullah”la təmasları ABŞ-nin İrana hücumu olacağı təqdirdə heç bir şəkildə müharibəyə qoşulmamağın vacibliyinə yönəlib. “Hizbullah” indiyədək bu məsələ ilə bağlı qəti cavab verməyib və mövqeyini qeyri-müəyyən saxlamağa üstünlük verib.

Həmçinin, təşkilat özünə qarşı hücum edilməyəcəyi və düşmənçilik xarakterli addımların dayandırılacağına dair təminatlar istəyir, yekun qərarı isə zamanın öhdəsinə buraxır.

Livanın dini dairələri belə bir müdaxilənin intihar və digər ağır nəticələrə səbəb olacağı barədə xəbərdarlıq ediblər.

İsrailin KAN telekanalının məlumata görə isə, İsrail “Hizbullah”la gərginliyin artması ilə bağlı artan ehtimallar fonunda Livan sərhədi boyunca hərbi qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib.