BAKI, 6 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın İranla danışıqlar yoluna qayıtması ilə əlaqədar yaranan əsas sual budur: niyə Ağ Ev Tehran ciddi daxili, regional və beynəlxalq təzyiq altında olarkən yenidən maksimum təzyiq siyasətini diplomatiya ilə əvəz edir?

Teleqraf xəbər verir ki, bu barədə “Jerusalem Post” yazıb.

İsrail nəşrinin fikrincə, ABŞ liderinin Tehranla danışıqlara qayıtmaq qərarı ciddi qeyri-müəyyənlik və ziddiyyətlər yaradır.

Mənbə Donald Trampın altı il əvvəl X-dəki paylaşımını xatırladıb: “İranlılar heç vaxt müharibədə qələbə qazanmayıblar, amma heç vaxt danışıqları uduzmayıblar”.

JP İranda etiraz aksiyalarının qanlı şəkildə yatırıldığını xatırladaraq soruşur:

“Əgər Trampın dediyi kimi, İslam Respublikası danışıqlarda məğlubedilməzdirsə, niyə Vaşinqton hərbi-siyasi təzyiqi davam etdirmək əvəzinə yenidən diplomatiyaya qayıdır?”.

Donald Tramp son aylarda bir neçə dəfə İran liderlərini etirazçıların öldürülməsi ilə bağlı hədələyib, hətta “yardımın yolda olduğu” bəyanatını verib. Bu, ABŞ-nin bu dəfə sözlü xəbərdarlıqlardan kənara çıxaraq, daha ciddi addımlar ata biləcəyi təəssüratını yaradıb. Amma etirazların yatırılmasından sonra ABŞ-nin diqqəti tədricən İran küçələrindən danışıqlar masasına yönəlib.

Məqalədə qeyd edilib ki, bu dönüş İran rejiminin mahiyyətinə baxışın dəyişdiyini göstərmir, əksinə, Vaşinqtonun strateji məhdudiyyətlərini əks etdirir: “Tramp administrasiyasının İranda mümkün hakimiyyət dəyişikliyindən sonra aydın planı yoxdur, Yaxın Şərqdə bahalı və nəzarətsiz müharibəyə girmək istəyi yoxdur”.

İsrail nəşrinə görə, bu vəziyyətdə İranda rejimi dəyişdirmək seçimi faktiki olaraq kənara qoyulub və diplomatiya ən az xərc tələb edən yol olaraq, yenidən gündəmə gətirilib. Diplomatiya yenidən yalnız nüvə məsələsinə yönəlib, Tehran da yalnız bu barədə danışmağa hazırdır.

JP vurğulayıb ki, daxili təzyiq və cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsi gündəmdən çıxarkən, diqqətin yalnız sentrifuqa və uranın zənginləşdirilməsinə yönəlməsi İran rejiminin ən qanlı daxili böhranlarından birindən siyasi-iqtisadi yenidənqurma ilə çıxa biləcəyi ilə bağlı narahatlıq yaradır:

“Nəticədə, Trampın danışıqlar masasına qayıtması güc nümayişindən çox yüksək riskli siyasi qumardır, əgər bu, məhdud razılaşma ilə yekunlaşsa, Tehranın daxildə və regiondakı davranışlarına məhəl qoyulmasa, bunlar hakimiyyətin güclənməsinə səbəb ola bilər”.

“Haaretz” də yazıb ki, Donald Trampın diqqətinin məhdud nüvə razılaşmasına yönəlməsi İsrailin narahatlığını artırıb. Belə bir razılaşmanın daxili etirazlardan sonra İran rejimini möhkəmləndirə biləcəyi, amma davranış və ya hakimiyyət sistemini dəyişdirməyəcəyi ehtimalı mövcuddur. Amma nəşr həm də qeyd edib ki, narahatlıqlara baxmayaraq, hərtərəfli razılaşma əldə olunma ehtimalı çox azdır. Çünki tərəflər arasında əsas fikir ayrılıqları qalır, nə ABŞ, nə də İran geri çəkilmək niyyətindədir.