BAKI, 7 yanvar. TELEQRAF
ABŞ Yaxın Şərqə onlarla hava yanacaq doldurma təyyarəsi, eləcə də C-5 və C-17 "Globemaster" tipli ağır hərbi-nəqliyyat təyyarələrindən ibarət genişmiqyaslı qüvvə köçürməsinə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.
Bildirilib ki, sözügedə təyyarələr həm ABŞ ərazisində, həm də Böyük Britaniyada yerləşən Amerika aviabazalarından Yaxın Şərq istiqamətinə yönləndirilib.
Böyük Britaniyanın Müdafiə Nazirliyi məsələ ilə bağlı şərh verməkdən imtina edib. Pentaqondan da hələlik rəsmi açıqlama yoxdur.
Analitiklər ABŞ hərbi qüvvələrinin bu cür köçürülməsini İrana qarşı mümkün yeni hərbi addımlara hazırlıq kimi qiymətləndirirlər. Qeyd edilib ki, ötən ilin iyununda İranın nüvə obyektlərinə endirilən zərbələr ərəfəsində də oxşar hərbi köçürmə müşahidə olunub.
Xatırladaq ki, yanvarın 2-də ABŞ Prezidenti Donald Tramp İranda baş verən etirazlar fonunda Vaşinqtonun İran vətəndaşlarını qorumağa hazır olduğunu bəyan etmişdi. Tehran bu açıqlamaları kəskin şəkildə pisləmişdi.