BAKI, 6 yanvar. TELEQRAF
İranda davam edən dinc etiraz aksiyaları rejim tərəfindən zorakılıqla yatırılarsa, ABŞ “Theodore Roosevelt” və ya “Abraham Lincoln” gəmilərindən bu ölkəyə qarşı sərt zərbələr üçün istifadə oluna bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
Nəşr ABŞ-nin İranda etirazçıların öldürülməsi və onlara qarşı sərt təzyiqlər halında bölgəyə aviadaşıyıcı gəmilər göndərmək ehtimalını araşdırıb.
Mənbə digər gəmilərin istifadəsi ilə bağlı məhdudiyyətlər və problemlərə diqqət çəkərək qeyd edib ki, ən çox ehtimal olunan variant ötən ilin noyabrında bölgəyə göndərilən “USS Theodore Roosevelt” gəmisinin yenidən regiona yönəlməsi ilə əlaqəlidir. Digər variant isə “USS Abraham Lincoln” gəmisidir. Hər ikisi əvvəllər dövri olaraq Yaxın Şərqə göndərilən gəmilər arasında olub.
“Forbes” əlavə edib ki, ABŞ Hərbi Dəniz Qüvvələri aviadaşıyıcı gəmini sürətlə Yaxın Şərqə göndərə, İranda mümkün əməliyyata dəstək verə bilər.
“Sky News” da yazıb ki, Venesuela Prezidenti Nikolas Maduronun devrilməsindən sonra ABŞ-nin yaxın zamanda dünyanın digər nöqtələrinə - İran, Kolumbiya, Meksika və ya Qrenlandiyaya (Danimarka) müdaxilə ehtimalı mövcuddur.
Kanal bildirib ki, ABŞ Prezidenti Donald Trampın Venesueladakı cəsarətli hərbi əməliyyatı dünya ictimaiyyətini hazır vəziyyətə gətirib.
“İran da bu fonda həssas vəziyyətdədir. 12 günlük müharibədən sonra iqtisadiyyatın çökməyə başlayan İran artan beynəlxalq təzyiq altında gücünü bərpa etmək üçün mübarizə aparır”.
Mənbə xatırladıb ki, yanvarın 5-də ABŞ xüsusi təyinatlı qüvvələri və döyüş təyyarələrinin İrana mümkün hücum məqsədilə Avropaya göndərilməsi barədə xəbərlər yayılıb.