BAKI, 21 noyabr. TELEQRAF
“Əgər ABŞ iddia edirsə ki, nüvə obyektlərimizi dağıdıb, onda niyə onları Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) vasitəsilə yoxlamaq istəyir?”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədri İbrahim Əzizi deyib.
Əzizi bildirib ki, ABŞ-nin irəli sürdüyü tələblər tamamilə siyasi xarakter daşıyır, texniki və AEBA-nın əsl funksiyası ilə bağlı deyil.
Komitə sədri qeyd edib ki, amerikalıların əsas tələbi uranın zənginləşdirilməsinin dayandırılması və proqramın ləğvidir. Amma İbrahim Əzizi hesab edir ki, ölkənin cari və gələcək ehtiyaclarını nüvə sənayesi olmadan təmin etmək mümkün deyil.
“İranın 90 faizdən çox ehtiyacı - kənd təsərrüfatından tutmuş tibbdə və enerjiyə qədər nüvə sənayesindən asılıdır”, - o vurğulayıb.
Həmçinin, Əzizi əlavə edib ki, ABŞ İranın nüvə proqramı ilə bağlı ciddi dialoqa girmək niyyətində deyil.