BAKI, 30 oktyabr. TELEQRAF

Türkiyə və Almaniya ticarət dövriyyəsinin 60 milyard dollara çatdırmağı hədəfləyir.

Teleqraf xəbər verir ki, bunu Ankarada Almaniya Kansleri Fridrix Mertslə görüşdən sonra keçirilən mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Merts ilə əlaqələrimizi müzakirə etdik. Müdafiə sahəsində əməkdaşlıq mövzusunu dəyərləndirdik. Ticarətdə hədəf 60 milyard dollardır. “Eurofighter” üçün Almaniyanın atdığı addımlar önəmlidir. Birgə layihələrə fokuslanmalıyıq. “Eurofighter” təyyarələri ilə əlaqədar Almaniyanın son dövrlərdə bu sahədə atdığı müsbət addımları məmnunluqla qarşılayırıq”, - o bildirib.

Türkiyə Prezidenti Almaniya Kansleri ilə digər məsələləri də müzakirə edib:

“Suriyanın rifahı prioritet hədəfdir. Terrorla mübarizədə gözləntilərimizi bölüşdük. Terror təşkilatlarına qarşı birgə mübarizənin əhəmiyyətinə diqqət çəkdik. 10 mart razılaşmasının icrasına böyük önəm veririk.

Türkiyənin müdafiə sənayesi sahəsində əldə etdiyi sürət nəzərə alındıqda, Almaniya ilə çox geniş əməkdaşlıq imkanlarına malik olduğumuz görünür. Qarşılıqlı qazanc prinsipi əsasında bu əməkdaşlığı daha da gücləndirə bilərik.

Həmçinin terrorla mübarizədəki gözləntilərimizi dəyərli dostumla paylaşdım. Almaniyaya təhlükəsizlik baxımından da ciddi təhdid yaradan terror təşkilatlarına qarşı birgə mübarizənin əhəmiyyətini vurğuladım.

Regional və qlobal məsələlər üzrə də fikir mübadiləsi apardıq. Türkiyə olaraq, Qəzzadakı soyqırımını ilk gündən etibarən beynəlxalq gündəmə gətirdik. Atəşkəsin təmin olunması və humanitar yardımların bölgəyə çatdırılması üçün ciddi səylər göstərdik. Bu faciənin təkrarlanmaması və bölgədə daimi sülhün açarı olan iki dövlətli həllə dair mövqeyimizi onlara çatdırdıq”.