BAKI, 28 avqust. TELEQRAF

Avqustun 26-da Cenevrədə İran və “Avropa üçlüyü” - Fransa, Almaniya və Böyük Britaniya arasında keçirilən səmərəsiz görüşdən sonra üç ölkənin xarici işlər nazirləri Avropa İttifaqının (Aİ) xarici siyasət komissarı Kaya Kallasla birlikdə ABŞ dövlət katibi Marko Rubioya Tehrana qarşı “snapback” mexanizmini işə salacaqları barədə məlumat veriblər.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” məlumatlı mənbələrə istinadla bildirib.

Nəşrə danışan rəsmilər İranın masaya heç bir konkret və təfərrüatlı təklif qoymadığını, bununla da sanksiyaların ləğvi üçün son müddətin uzadılması ehtimalına qapıların bağlandığını deyiblər.

Bu mexanizm 2015-ci il İranla nüvə sazişi çərçivəsində BMT Təhlükəsizlik Şurasının ləğv etdiyi bütün sanksiyaları avtomatik olaraq bərpa edir. Bu addımın həm də Tehrana iqtisadi təzyiqi artıracağı, həm də İranın qisas almasına səbəb olacağı gözlənilir.

Fransa, Almaniya və Britaniya İrana nüvə proqramı ilə bağlı addımlar atmaq üçün avqustun 18-nə qədər vaxt verib. Həmin tarixdə İrana qarşı BMT sanksiyalarının müddəti bitir. Tehran bu vaxt ərzində konkret addımlara dair lazımi təminatlar verməsə, sanksiyaların müddəti uzadılacaq.

“Avropa üçlüyü” şərt qoyub ki, İrana qarşı bu sanksiyaların ləğvi üçün nüvə sazişi ilə bağlı ABŞ ilə danışıqlar bərpa olunmalıdır. Ölkələr həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) müfəttişlərinə İranın nüvə obyektlərinə tam giriş imkanı verilməsini tələb ediblər. Bu, 60 faiz zənginləşdirilmiş uran ehtiyatına çıxışa icazə verilməsini də nəzərdə tutur.

Tehran bunların müqabilində ondan təzyiq altında danışıqlardan çəkinməyi, danışıqlar zamanı hərbi baxımdan hədəfə alınmayacağına dair təminat almağı, ABŞ və İsrailin 12 günlük müharibə zamanı vurduğu zərbələr nəticəsində dəymiş ziyana görə maddi təzminat almağı və öz ərazisində uranı zənginləşdirmək hüququnun tanınmasını tələb edib.

“Axios” xatırladıb ki, İranın Ali rəhbəri Əli Xamenei bir neçə gün əvvəl ABŞ ilə danışıqların mümkünlüyünü şübhə altına alıb.