AĞDAŞ, 7 may. TELEQRAF

Ağdaşda həmkəndlilər arasında mübahisə bıçaqlanmaya səbəb olub.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Ağdaş rayonunun Kotavan kəndində baş verib. 1965-ci il təvəllüdlü Əhmədiyə Qurbanov bıçaqla 53 yaşlı Yusif Hüseynovun qarın və kürək nahiyəsinə xəsarət yetirib.

O, dərhal xəstəxanaya çatdırılıb.

Rayonda musiqiçi kimi fəaliyyət göstərən şəxslərin arasında mübahisəyə səbəb Yusif Hüseynovun Əhmədiyə Qurbanovla toy sifarişinə getməməsi olub. Sonuncunun hadisə zamanı sərxoş olduğu bildirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teleqraf-ın sorğusuna cavabda bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.