BAKI, 19 noyabr. TELEQRAF

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Türkiyədə tutularaq Bakıya ekstradisiya edilib.

Teleqraf xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İnterpolun Azərbaycan Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş Zinyət Məmmədrəsul qızı Səfərovanın yeri Türkiyədə müəyyən edilib və o, həbs olunub.

Z.Səfərova 2019-cu ildə “RX.SƏRDAROĞULLARI HOLDİNQ” MMC-nin direktoru vəzifəsində çalışarkən, eyni zamanda faktiki olaraq baş mühasib funksiyalarını yerinə yetirərkən ona etibar edilmiş 445 min manat məbləğində pul vəsaitini mənimsəməkdə ittiham olunur.

O, həmçinin maliyyə əməliyyatları və əqdlər vasitəsilə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda təqsirləndirilir.

Z.Səfərovaya Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı külli miqdarda leqallaşdırma) maddələri ilə ittiham irəli sürülüb.

Ədliyyə Nazirliyinin sorğusu və Türkiyə tərəfi ilə aparılan danışıqlardan sonra onun Azərbaycana ekstradisiyası barədə razılıq əldə olunub.

Z.Səfərova noyabrın 19-da Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsi və Penitensiar xidmətinin əməkdaşları tərəfindən Azərbaycana gətirilib.

O, məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.