BAKI, 21 aprel. TELEQRAF

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə təqsirləndirilən şəxs Zahid İsayevin məhkəmə prosesi başa çatıb.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə müşavirə edib.

Daha sonra Zahid İsayevin barəsində hökm elan edilib.

Hökmə əsasən, 17 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə ötən il iyulun 20-də saat 01 radələrində Bakının Nizami rayonunda qeydə alınıb. Belə ki, 1949-cu il təvəllüdlü Əliyev Tahir Eyvaz oğlu kəsici alətlə qətlə yetirilib.

Cinayət əməlini törətməkdə 1965-ci il təvəllüdlü İsayev Zahid Səməndər oğlu təqsirli bilinib.

O, Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham edilib.

Qeyd edək ki, Zahid İsayev cinayət törətdiyinə görə əvvəl də həbs olunub və 2017-ci ildə əfv olunaraq azadlığa çıxıb.