BAKI, 11 aprel. TELEQRAF

Türkiyənin Şanlıurfa şəhərində 11 il əvvəl evinin qarşısında oynayarkən yoxa çıxan və daha sonra cəsədi pambıq torbasında tapılan 6 yaşlı Zəhra Topdağın ölümü ilə bağlı ana və atası da olmaqla 13 nəfər saxlanılıb. Onlardan 4-ü həbs olunub.

Teleqraf Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə 2014-cü il yanvarın 26-da Əyyubiyə rayonunun Akdilek məhəlləsində baş verib. İddiaya görə, Zehra Topdağ dostları ilə oynayarkən yoxa çıxdıqdan və ondan heç bir xəbər alınmadıqdan sonra ailəsi jandarmaya üz tutub. Başlanılan əməliyyat-axtarış tədbirləri zamanı balaca Zəhranın cansız bədəni əmisi İsmayıl Topdağın evinin qarşısındakı taxta divanın altındakı pambıq torbasından tapılıb.

Hadisə yerində aparılan araşdırmada Zəhranın boğularaq öldürüldüyü müəyyən edilib. Uzun müddətdir üstü açılmayan cinayəti işi yenidən araşdırılıb.

Jandarma Cinayət Axtarış Qrupu tərəfindən yaradılan xüsusi qrup Zəhranın ölümündə anası və atası da daxil olmaqla 13 nəfəri şübhəli bilərək saxlayıb.

Məhkəmə Zəhranın əmisi İsmayıl Topdağ, əmisi oğlu Həsən Topdağ və qohumları Ceylan Topdağ və Kadriye Topdağın həbs edilməsinə, digər şübhəlilərin isə şərti olaraq sərbəst buraxılmasına qərar verib.