BAKI, 24 mart. TELEQRAF

Azərbaycan Ordusunun iki əsgəri - İmanov Əli Tariyel oğlu və əsgər Həmidov Rüstəm Ruslan oğlunun Gədəbəy rayonu ərazisində qar uçqununa düşərək həlak olması faktı üzrə araşdırmalar davam edir.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hər iki əsgərin ölümü ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlayıb, intensiv istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, martın 19-da Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər R.Həmidov və əsgər Ə.İmanov Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən qar uçqununa düşüblər. Martın 21-də onların nəşi tapılıb.

Rüstəm Həmidov Bərdə şəhərində, Əli İmanov isə Sabirabadın Muğan Gəncəli kəndində dəfn olunub.