
TBİLİSİ, 22 mart. TELEQRAF
ABŞ məhkəməsi kriminal avtoritet Polad Ömərovu iranlı jurnalist və hüquq müdafiəçisi Masih Alinecadın qətlini hazırlamaqda təqsirli bilib.
Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, qərarı məhkəmənin münsiflər heyəti qəbul edib, yekun hökm isə sentyabrın 17-də elan olunacaq.
P.Ömərovla birgə iş üzrə adı keçən İran vətəndaşı Rafət Əmirov da təqsirli bilinib.
İstintaqla müəyyən olunub ki, Əmirov və Ömərov 2022-ci ilin iyulunda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək vəzifəli üzvlərinin göstərişi əsasında Nyu Yorkda yaşayan İran hakimiyyətinin qəti tənqidçisi M.Alinecadın qətlini hazırlayıblar. Hər iki şəxsə bunun müqabilində 500 min ABŞ dolları vəd edilib. İstintaqın məlumatlarına əsasən, İran kəşfiyyatının agentləri bundan öncə də onun oğurlanmasını planlaşdırıblar, lakin cəhdlər uğursuz olub.
Əmirov və Ömərov ABŞ vətəndaşı olan Xalid Mehiyevə M.Alinecadı qətlə yetirməsi üçün 30 min ABŞ dolları ödəyiblər. Lakin sui-qəsd baş tutmayıb, belə ki, M.Alinecad evinin ətrafında şübhəli hərəkətlər gördüyündən vaxtında gizlənə bilib. Elə həmin gün polis killeri avtomobili ilə yol hərəkəti qaydalarını pozduğuna görə saxlayıb və maşının salonunda avtomat aşkarlayıb.
P.Ömərov 2024-cü ilin əvvəlində beynəlxalq order əsasında Çexiyada saxlanılıb və daha sonra ABŞ-yə ekstradisiya edilib.
Əmirov və Ömərov ümumilikdə beş maddə — sifarişli qətl (10 ilədək azadlıqdan məhrum etmə), sifarişli qətlin yerinə yetirilməsi məqsədilə sözləşmə (10 ilədək azadlıqdan məhrum etmə), pul yuyulması məqsədilə sözləşmə (10 ilədək azadlıqdan məhrum etmə), hədə-qorxu ilə tələb etmək məqsədilə adam öldürməyə cəhd (10 ilədək azadlıqdan məhrum etmə), odlu silahın saxlanılması və istifadəsi (5 il müddətinə və yaxud ömürlük həbs) üzrə təqsirli sayılıb.
Qeyd edək ki, P.Ömərov əslən azərbaycanlıdır. Dmanisi rayonunda doğulub. O, Gürcüstan vətəndaşıdır.