
BAKI, 19 mart. TELEQRAF
Cinayət törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Qazaxıstandan ekstradisiya olunub.
Teleqraf xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Məlumatda bildirilir ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 7 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Şahin Həmdulla oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Məmmədov Şahin Həmdulla oğlunun Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.
Şahin Məmmədov Qazaxıstan Respublikasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə bugün Azərbaycana gətirilib.