​​​BAKI, 19 mart. TELEQRAF

Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsinin Ləhiş bağları adlanan ərazisində baş verən yanğında ölənlərin kimliyi və hadisənin yeni təfərrüatları məlum olub.

Teleqraf xəbər verir ki, ölənlər 1950-ci il təvəllüdlü Məmmədova Sevil Ağaəli qızı, 1980-ci il təvəllüdlü Məmmədova Nailə Həbib qızı və 2013-cü il təvəllüdlü Məmmədov Rəsul Vasif oğludur.

N.Məmmədova Sevil Məmmədovanın qızıdır. Nailənin anadangəlmə eşitmə və hərəkət əngəlliyi olduğu bildirilir.

Hüseyn isə S.Məmmədovanın başqa qızından olan nəvəsidir. Yanğın zamanı Hüseynin anası evdə olmayıb.

Yanğın zamanı evdə başqa bir uşaq da olub. O sağ qalıb.

Beş nəfərdən ibarət ailə əslən Bakının Əmircan qəsəbəsindəndir. Onlar bir neçə il əvvəl Ləhiş bağlarında ev alıb ora köçüblər.

Qeyd edək ki, martın 18-də Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 80 m² olan, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1-i uşaq olmaqla 3 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.