LƏNKƏRAN, 18 mart. TELEQRAF

Lənkəranda 41 yaşlı qadın ailə münaqişəsi zəminində qətlə yetirilib.

Teleqraf-ın Cənub bürosunun verdiyi məlumata görə, hadisə martın 18-də Lənkəran şəhərində baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü Lənkəran şəhər sakini Günel Allahverdi qızı Tahirova çoxsaylı kəsilmiş-deşilmiş yaraları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin divarının çoxsaylı yaraları diaqnozu qoyulub. Çoxlu qan itirən yaralı dərhal əməliyyata götürülüb. Lakin həkimlərin səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumatlara görə, G.Tahirova ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən kəsici alətlə çoxsaylı xəsarətlər alıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

Hadisəni törətməkdə şübhəli bilinən 1979-cu il təvəllüdlü İman Rövşən oğlu Tahirov könüllü şəkildə polisə təslim olub.