TBİLİSİ, 15 mart. TELEQRAF

Tbilisidə ötən gün qətlə yetirilən şəxs "qanuni oğru" Merab Canqveladzenin qardaşı Levan Canqveladzedir.

Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, bu barədə "Mtavari arxi" telekanalının saytı məlumat yayıb.

Məlumata əsasən, L.Canqveladze bir neçə gün öncə Tbilisiyə gəlib və mühafizəçilərlə hərəkət edib.

Hadisə zamanı yaralanan kişinin yoldan ötən şəxs olduğu bildirilir. Xəstəxanaya yerləşdirilmiş həmin şəxsin həyatına təhlükə yoxdur.

***

07:19

Ötən gecə Tbilisidə qətl hadisəsi törədilib.

Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, şəhərin mərkəzi Çavçavadze prospektində 58 yaşlı kişi maşından açılan atəş nəticəsində ölüb.

Onu müşayiət edən 50 yaşlı şəxs isə ayağından yaralanıb. O, xəstəxanaya çatdırılıb.

Şahidlərin sözlərinə görə, hadisə yerində 10-a yaxın atəş səsi eşidilib. Onlar qatili görmədiklərini qeyd ediblər.

Qətlə yetirilmiş şəxsin Tbilisinin Vake rayonunda qohumunun dəfn mərasimində iştirak etdiyi bildirilir. Qohumlarının sözlərinə görə, o, Moskvada bizneslə məşğul olub və işi ilə bağlı hər hansı problemi barədə eşitməyiblər.

Faktla bağlı iki – “qəsdən adam öldürmə” və “qanunsuz odlu silah əldə etmə, saxlama və gəzdirmə” maddələri üzrə istintaq aparılır.