YEVLAX, 8 mart. TELEQRAF

Yevlaxda dəmiryolu yaxınlığında aşan minik avtomobilinin sürücüsü xəstəxanada dünyasını dəyişib.

Teleqraf-ın bölgə müxbiri xəbər verir ki, hadisə bir neçə həftə öncə Aran qəsəbəsi yaxınlığındakı dəmiryolu keçidində baş vermişdi.

İdarəetməni itirən minik avtomobilinin aşması nəticəsində 4 nəfər müxtəlif bədən xəsarətləri almışdı.

Onlardan Zeynalov Tural Zahid oğlu ağır kəllə-beyin travması almış, Paşayev Asif Elman oğlunun sağ qolu amputasiya olunmuş, onun həyat yoldaşı Paşayeva Gülşən Əli qızı ciddi yaralanmışdı və Zeynalova Züleyxa Hüseyin qızının sol qulağı qopub düşmüşdü.

Yaralıların hamısı Bərdə rayon sakinləridir.

Həkimlərin səylərinə baxmayaraq, xəstəxanada müalicə alan 1991-ci il təvəllüdlü sürücü Tural Zeynalovun həyatını xilas etmək mümkün olmayıb. O, bu gün xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.