BAKI, 6 mart. TELEQRAF

Lənkəranda itkin düşən balıqçılardan birinin cəsədinin aşkarlandığı ehtimal olunur.

Teleqraf-ın Cənub bürosunun xəbərinə görə Lənkəranda itkin düşən balıqçıdan xəbər var.

Belə ki, ötən ay itkin düşən Siyavar kənd sakini 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayevin cəsədinin Xəzərin İran- Bəndər Ənzəli şəhərində aşkar edilməsi haqqında sosial şəbəkələrdə foto yayılıb. İtkin düşən balıqçının qardaşı Rəşad İbayev qardaşının cəsədinin qonşu dövlətdən gətirilməsi üçün dövlət orqanlarından kömək istəyib.

O bildirib: "Qardaşım Nazim ilə bir yerdə yanvarın 13-də itkin düşmüşdülər. Fevralın 21-də Nazim Abbasovun cəsədi qonşu Astara tərəfdə balıqçılar tərəfindən aşkar edildi. Bütün bu günlər ərzində qardaşımın sağ tapılmasına ümid edirdik. Lakin bu gün səhər saatlarında dənizdə meyit aşkarlanması barədə sosial şəbəkələrdə şəkil paylaşılıb. Mən şəkilə baxdıqda meyitin üzərində olan kombinezon, qara köynək və əlcəklərindən qardaşımın olduğunu tanıdım. İndi isə dövlətimizdən qardaşımın meyitinin İran tərəfdən təhvil alınması üçün köməklik göstərilməsini istəyirik. Orada nə qədər ki meyiti dəfn etməyiblər biz təhvil ala bilək və özümüz rayonda dəfn edək".

Qeyd edək ki, Lənkəranın Siyavar kənd sakinləri 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov bu ilin yanvar ayında Xəzərin Lənkəran sularında itkin düşmüşdülər. Onlar balıqçılıqla məşğul olub.