​BAKI, 5 mart. TELEQRAF

Müsavat Partiyasının fəalını qətlə yetirməkdə ittiham olunan Elsevər İslamovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs müdafiəçinin suallarını cavablandırıb.

Onun sözlərinə görə, qətl zamanı istifadə etdiyi bıçağın yerini polisə özü deyib:

"Məndən soruşdular ki, bıçaq hardadır? Maşınımda olduğunu dedim. Maşının açarının pencəyimin cibində olduğunu da söylədim. Hadisə yerində olan qanı mən özüm təmizləmişdim. Hadisə ilə bağlı heç kimə heç nə deməmişdim. Amma cinayətdən çox narahat olmuşdum".

Daha sonra dövlət ittihamçısı çıxış edib. O, Elsevər İslamovun 3 il müəyyən vəzifə tutmamaq şərtilə 20 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmədə zərərçəkənin hüquqi varisi olan bacısı çıxış edib. O, ədalətli hökm verilməsini xahiş edib:

"Elsevər İslamov həbsdən çıxmamalıdır. Qardaşımın belə öldürülməsini təsəvvür belə edə bilmirəm. O, qardaşımı öldürərək meyiti üzərində ağlasığılmaz hərəkətlər edib".

Növbəti məhkəmə prosesi martın 17-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin may ayında, Bakının Xətai rayonu ərazisində, 55 saylı orta məktəbdə baş verib. 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.

Natiq Mehdi Məhəmməd oğlunun iş yoldaşı 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilib. Elsəvər İslamov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Natiq Mehdi (Ulubəy) Məhəmməd oğlu Müsavat partiyasının fəallarından olub.

O, son qurultaydan əvvəl partiya başqanlığına namizədliyini irəli sürüb. İsa Qəmbər namizədliyini verdikdən sonra namizədliyini geri götürüb.

Elsevər İslamov 55 nömrəli orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

Ona Cinayət Məcəlləsinin 120.2.4, 245, 309.2 maddələri üzrə ittiham elan olunub.