
BAKI, 27 fevral. TELEQRAF
Xalq artisti Ağadadaş Ağayevlə insident yaşayan “MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilovun məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror təqsirləndirilən şəxsin 2 il 6 ay sınaq müddəti olmaqla, 2 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəyib.
Müdafiə tərəfi çıxış üçün vaxt istəyib.
Məhkəmə prosesi martın 6-na təyin edilib.
Qeyd edək ki, bundan əvvəl eyni ittihamla Ağadadaş Ağayevin cinayət işi ayrı icraatda Binəqədi Rayon Məhkəməsinə göndərilib. Ağadadaş Ağayevin cinayət işinə hakim Vüsal Tağıyevin sədriyi ilə baxılır.
İttihama görə, ötən il iyulun 22-də Bakı şəhər sakini olan Nurəddin Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 7 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə hədələdiyini bildirib.
Nurəddin Cəlilov daha sonra izahatında Ağadadaş Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan Nəzakət Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.
Xatırladaq ki, tərəflər arasında rəsmi şəkildə barışıq əldə olunub.