BAKI, 27 fevral. TELEQRAF

Fevralın 27-də saat 07:00 radələrində Xəzər rayonu, Binə südçülük sovxozu, “OBA” marketdə yanğın baş verməsi səbəbilə təcili yardıma çağırış daxil olub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:

"Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (qadın cinsli) müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.

Xəsarət alan şəxslərə əl və üz nahiyəsinin II-III dərəcəli yanıq diaqnozu təyin edilib.

Onlara zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar",- məlumatda qeyd olunub".

***

10:29

Bu gün səhər saatlarında Binə qəsəbəsindəki fərdi yaşayış evinin birinci mərtəbəsində "Oba" marketlər şəbəkəsi tərəfindən icarəyə götürülən "Binə 3" mağazasında partlayış baş verib.

Bu barədə Teleqraf-a "OBA" Marketlər Şəbəkəsindən məlumat verilib.

"Hadisə nəticəsində "OBA"nın iki əməkdaşı və mağazanın yaxınlığından keçən bir vətəndaş xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxşdir. Hazırda marketlər şəbəkəsinin aidiyyəti struktur rəhbərləri xəsarət alanların yanındadırlar, onların sağlamlıqlarının bərpası üçün bütün vacib addımlar atılmaqdadır", - məlumatda deyilir.

Daha sonra məlumatda qeyd olunur ki, "OBA" marketlər şəbəkəsinin heç bir mağazasında təbii qaz təsərrüfatına aid olan avadanlıqdan istifadə edilmir:

"Partlayışın hansı səbəbdən baş verməsi ilə bağlı daha dəqiq məlumat aidiyyəti dövlət qurumlarının rəsmi rəyindən sonra məlum olacaq".

***

10:10

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 360kv.m. olan ikimərtəbəli beşotaqlı fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən mağazada yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən ikinci mərtəbədə yerləşən evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 180 kv.m. olan mağazanın yanar konstruksiyaları 130 kv.m. sahədə yanıb.

Mağazanın qalan hissəsi və 2-ci mərtəbədə yerləşən mənzil yanğından mühafizə olunub, 2 nəfər xəsarət alıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

09:40

"OBA" marketlər şəbəkəsinin "Binə 3" filialında xəsarət alan iki əməkdaşımız və mağazanın yaxınlığından keçən bir vətəndaş xəsarət alaraq Buzovna 1 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. Hazırda müalicələri palata şəraitində davam etdirilir.

Bunu Teleqraf-a marketlər şəbəkəsinin mətbuat katibi Ülkər Qasımova bildirib.

O deyib ki, bütün aidiyyəti qurumların nümayəndələri xəstəxanadadır: "Əməkdaşlarımızın sağlamlığının bərpa olunması üçün bütün zəruri tədbirlər görülür".

Ü.Qasımova söyləyib ki, "OBA" marketlər şəbəkəsinin heç bir filialında qazdan istifadə edilmir: "Partlayışın səbəbi Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır".

09:15

"OBA" marketlər şəbəkəsinin "Binə 3" filialındakı partlayış araşdırılır, yaralılar barədə məlumat veriləcək.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

***

08: 55

Bu gün səhər saat 06:45 radələrində "OBA" marketlər şəbəkəsinin "Binə 3" filialında partlayış baş verib.

Teleqraf xəbər verir ki, bunu OBA marketlər şəbəkəsinin mətbuat katibi Ülkər Qasımova bildirib.

İlkin ehtimala görə, partlayış qazsızmadan baş verib.

Hadisə nəticəsində "OBA"nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb.

Hazırda hadisənin təfərrüatları araşdırılır.

Daha ətraflı məlumat veriləcək.