BAKI, 20 fevral. TELEQRAF

İnternet kanallarının birində əvvəl Cinayət Məcəlləsinin müxtəlif, o cümlədən narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum olunmuş Cabbarov Rauf Dayandur oğlunun təzyiqə məruz qalması şəxsi mülahizələrdir.

Bunu Teleqraf-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Cəsarət Qənbərov bildirib.

O qeyd edib ki, həmin şəxs polis əməkdaşlarının narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində 15 aprel 2024-cü ildə Yasamal rayonu ərazisində saxlanılıb:

"Onun üzərindən psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. 17 aprel 2024-cü ildə Rauf Cabbarov cinayət işi üzrə Cinayət Məcəlləsinun 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nazərdə tutulan ittaham elan edilib və məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İstintaq müddətində həmin şəxsin həbs müddəti 3 dəfə uzadılıb və 20 dekabr 2024-cü il tarixində cinayət işi üzrə ittiham aktı tərtib edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İstintaqın gedişi zamanı həmin şəxsin hüquqlarının tam və hərtərəfli qoruması təmin edilib. Rauf Cabbarovun həbsi ilə bağlı sübutu olmayan iddialar onun əməlləri ilə uyğunluq təşkil etmir".