
TOVUZ, 15 Fevral. TELEQRAF
Tovuz rayonunun Alakol Kənd Bələdiyyəsinin keçmiş sədri Ceyhun Quliyevin barəsində cinayət işi açılıb.
Teleqraf-ın yerli bürosunun əldə etdiyi xəbərə görə, Ceyhun Quliyev barəsində Tovuz Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi; fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Məlumata görə, Ceyhun Quliyev 14 bələdiyyə üzvünün, katibin onların özünün iştirakı və xəbəri olmadan imzalarından, şəxsiyyət vəsiqələrinin surətindən icazəsiz, qanunsuz istifadə edib, heç bir bələdiyyə iclası keçirmədən Köhnəqala kənd sakininin torpağını başqa bir şəxsə saxta sənədləşmə yolu ilə satıb.
Bundan başqa, o, müharibə veteranı olan şəxsin də torpağını eyni qaydada qanunsuz olaraq başqasına satıb.
Baş Prokurorluğun mətbuat xidmətindən fakt təsdiqlənib. İbtidai istintaq başa çatıb, iş məhkəməyə göndərilib.