YEVLAX, 7 fevral. TELEQRAF

Yevlax Şəhər Gənclər və İdman İdarəsinin sabiq rəisi Binyamin Musayev barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, B.Musayev Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. Onun büdcəyə vurduğu 129 min manatlıq ziyanın 50 min manatını ödəməsi qeyd edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq rəis 6 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Lakin onun cəzası 4 il sınaq müddəti təyin edilməklə, şərti hesab olunub və azadlıqda qalıb.

Qeyd edək ki, B.Musayev barəsində Gənclər və İdman Nazirliyindən daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla Binyamin Musayevin qeyd olunan vəzifədə işləyərkən 2019-2021-ci illər ərzində işə çıxmayan şəxslərin əmək funksiyalarını icra etmələri barədə cədvəlləri, habelə mükafatlandırma, ezamiyyə və qurumun fəaliyyəti ilə bağlı digər rəsmi sənədləri saxtalaşdırmaqla 129 min manatdan artıq məbləğdə dövlət vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.