“Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan iclasa media nümayəndələri buraxılmayıb.

Prosesin qapalı keçirilməsi haqda prosesə sədrlik edən hakim Samir Əliyevin göstərişi olduğu iddia edilir.

Qanuna görə, hazırlıq iclası və hökm açıq keçirilməlidir.

Əgər cinayət işi materiallarında ailə və kommersiya sirri olarsa, məhkəmənin baxış iclasları qapalı keçirilə bilər.

Jurnalistlərin prosesi işıqlandırmasına icazə verilməməsinin dəqiq səbəbi açıqlanmayıb.

Nicat Şakirliyə qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, bloqer qəza törədən vaxt sərxoş vəziyyətdə olduğu üçün ona qarşı həmin maddə irəli sürülüb. Bu maddənin sanksiyasında 5 ilə kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Cinayət işini hakim Samir Əliyev araşdıracaq.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. N.Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb.

Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.