Bakının Xətai rayonunda idman zalında qətl törətməkdə təqsirli bilinən Əli Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan iclasda qətlə yetirilən Bəxtiyar Nəsibovun qardaşı Vüsal Nəsibov hadisənin şahidi olduğunu deyib.
Daha sonra zərərçəkmiş şəxsin vəkili işin istintaqa qaytarılması ilə bağlı vəsatət verib. Vəkil deyib ki, təqsirləndirilən şəxs Bəxtiyar Nəsibovu tək öldürməyib onun sözlərinə görə, cinayətdə başqa adamların da iştirakı olub.
Vəkil Əli Abbasovun barəsində olan ittihamın ağırlaşdırılmasını da istəyib. Qeyd edib ki, təqsirləndirilən şəxsin əməlində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddələri cinayət tərkibi mövcuddur.
Məhkəmə vəsatəti təmin edib və cinayət işi yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılıb.
İttihama görə, bu il martın 1-də paytaxtın Xətai rayonu ərazisində 1999-cu il təvəllüdlü Bəxtiyar Nəsibovun qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Müəyyən edilib ki, qeyd edilən tarixdə şəhər sakini Əli Abbasov Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən idman zalında məşq edərkən həmin zalda idman edən Bəxtiyar Nəsibov ilə bir-birilərinə baxmaq səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncu ona sağlamlığına qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirdikdən sonra o, qisas almaq niyyəti ilə Bəxtiyar Nəsibovu üzərində gəzdirdiyi bıçaq ilə sonuncunun döş qəfəsinin sol yan nahiyəsindən xəsarətlər yetirərək qəsdən öldürüb.
İstintaq orqanı tərəfindən Əli Abbasovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.