Ağcabədi rayonunda qardaşı oğlunu güllələməkdə ittiham olunan Ərəstun Mamedovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim İlkin Abdullayevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, ötən il oktyabrın 19-da saat 20 radələrində Ağcabədi rayonu, Şənlik kənd sakini Məmmədov Rəfail Həsən oğlunun odlu silahdan açılmış atəş nəticəsində çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Ərəstun Mamedovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Rəfail Məmmədovu öldürmək məqsədilə kustar üsulla hazırlanmış tüfəngdən atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən Ərəstun Mamedovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.